Azərbaycan Konqreslər Bürosunda “Açıq qapı”

Qarayev

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu sentyabrın 4-də “Fairmont Baku” mehmanxanasında “Açıq qapı” keçirəcək.

XALQ.AZ-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, büronun ilk dəfə təşkil edəcəyi bu mötəbər tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edəcək.

Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MİCE (biznes turizmi) bazarında işləyən təşkilat və müəssisələri bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.