Azərbaycan korrupsiyaya qarşı mübarizədə yüksək nəticə göstərib

 

71

“Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir”.

 

Xalq.az  Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun müsahibəsini təqdim edir.

“Transparensy İnternational” təşkilatı tərəfindən 2013-cü il üçün Korrupsiyanı Qavrama indeksi açıqlanaraq ictimaiyyətin müzakirəsinə verilib. Azərbaycanla bağlı builki indeksə münasibətiniz necədir?

-Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavrama indeksində Azərbaycan keçən illə müqayisədə xeyli, yəni 12 pillə irəliləmiş, eyni zamanda ölkəmizin qiymətləndirmə balı 27-dən yüksələrək 28 olub. Əgər keçən ilin hesabatı üzrə də ölkəmizin əvvəlki illə müqayisədə 4 pillə irəlilədiyini nəzərə alsaq bu zaman indeksdə son illər Azərbaycanla bağlı dinamikanın müsbət olduğunu görmüş olarıq. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir və indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə Azərbaycan Respublikası son on üç ilin ən yüksək nəticəsini göstərmişdir. Qeyd etmək istərdim ki, 2013-cü ilin Korrupsiya qavrama indeksi üzrə müsbət nəticələri “Transparency İnternational” təşkilatının bu ilin iyul ayında “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olması barədə ölkəmizin göstəricilərinin məntiqi davamı kimi də qiymətləndirmək olar. Belə ki, “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə Azərbaycanda respondentlərin 68 faizi dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu bildirmişdir ki, bu da dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksək olmuşdur.

-Cənab Baş prokuror Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişin əsas amilləri hansılardır?

 

-Xüsusi olaraq vurğulamaq istərdim ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti olmaqla onun təşəbbüsü ilə beynəlxalq təcrübə nəzərə alınaraq mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hazırlanmış “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı”, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət Planı” qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə hüquqi zəmin yaratmaqla uğurla icra edilmişdir. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına müvafiq olaraq ixtisaslaşdırılmış qurumlar – Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi təsis edilmiş, beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək digər dövlətlərin hüquq mühafizə orqanları və antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bi