Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfərə gedib.YENİLƏNİB

sabirabad

Xalq.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.

Bildirildi ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilmiş, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. Burada geniş yaşıllaşdırma işləri görülmüş, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilmiş, oturacaqlar qoyulub.


Xalq.az məlumat verir ki,daha sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2012-ci ilin mayında başlanmışdır. Tikinti işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Orijinal layihəsi, özünəməxsus memarlıq üslubu ilə tikilmiş üçmərtəbəli bina şəhərin görkəminə əlavə rəng qatır. Ümumi sahəsi 900 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunmuşdur.

Binanın foyesində xalqımızın ulu öndəri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stendlər yaradılmışdır. Binanın 60 nəfərlik iclas zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. İkinci mərtəbədəki inzibati otaqlarda da hər cür şərait vardır. Buradakı konfrans zalı, arxiv və digər otaqlar müasir səviyyədədir.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının 1993-cü il yanvarın 16-da 16 ilk ərazi təşkilatının iştirakı ilə təsis yığıncağı keçirilmişdir. Hazırda isə 88 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Hazırda 7 min 256 siyasi həmfikiri birləşdirən YAP Sabirabad rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni Azərbaycan Partiyası təşkilatları üçün belə müasir binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərməsinə hesablanmışdır. Bu, həm də respublikanın ağır günlərində ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına göstərilən diqqəti nümayiş etdirir.


İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat verdi. Bildirildi ki, bu layihə üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanmışdır. Saziş Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Borc sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması və bu yolun Kür çayı ilə kəsişməsində yeni körpünün tikintisi nəzərdə tutulmuşdur. Həmin layihə üzrə Nəqliyyat Nazirliyinin “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyətində beynəlxalq rəqabətli tender keçirilmiş və Türkiyənin “Kolin” şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon manat dəyərində podrat müqaviləsi imzalanmışdır. Tikintiyə texniki nəzarəti İtaliyanın “Engineering” firması həyata keçirir.

Qeyd edildi ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılmışdır.

Ümumi eni 15 metr olan yol ikizolaqlıdır. Yolun hər iki hərəkət hissəsinin və yol çiyninin eni 3,75 metrdir.

Diqqətə çatdırıldı ki, ümumilikdə müqavilə çərçivəsində yol üzərində 4 körpünün, 5 piyada keçidinin, 68 suötürücü borunun, 26 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısına yolun Sabirabad-Bərhəmtəpə hissəsi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, uzunluğu 62,5 kilometr olan bu hissədə yeddi körpüdən üçündə yenidənqurma işləri başa çatdırılmış, üç körpüdə işlər 60 faiz tamamlanmış, bir körpüdə isə tikinti-quraşdırma işlərinə başlanmışdır. Bu hissə üzrə tikinti-quraşdırma işlərinin dəyəri 110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində işlərin 60 faizi yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin 2014-cü ilin mayında tamamlanması planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində 7 körpünün, bir piyada keçidinin, 112 suötürücü borunun və 28 avtobus dayanacağının inşası nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

 


İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu mühüm sahənin dövlət siyasətinin prioritetləri sırasında olmasının bariz göstəricisidir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, yeni korpuslar inşa olunmuşdur. Bu dövrdə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüş, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılmış və internetlə təchiz edilmişdir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondu da hərtərəfli dəstəyini əsirgəmir. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə – tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Belə təhsil ocaqlarından biri də M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdir.

Azərbaycan Prezidenti məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxdı.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti–abadlıq işləri aparılmış, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılmışdır. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılmışdır. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılmışdır.

Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılmışdır. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı vardır. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılmışdır. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilmişdir. Burada müasir idman qurğuları ilə təchiz edilmiş meydançalar da yaradılmışdır.
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.


İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Sabirabad rayonunun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulmuş, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.

Kompleksdə ilkin olaraq faraş pomidor əkilməsinə başlanılmışdır. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaqdır.

Bildirildi ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınmışdır. İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Layihələrin icrası nəticəsində 55 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.

Sonra Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxdı.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verdi.

Qeyd edildi ki, ötən il 1,2 milyon ton tərəvəz, o cümlədən 472 min ton pomidor, 210 min tondan çox xiyar istehsal olunmuşdur. Tərəvəz üzrə özünü təminetmə səviyyəsi 100 faizdir. Ötən il tərəvəz ixracı 2003-cü ilə nisbətən 4,7 dəfə artaraq 55 min tona, o cümlədən faraş pomidor ixracı 36 min tona, xiyar ixracı isə 13 min tona çatmışdır. Eyni zamanda, dövlət tərəfindən 88 hektar ərazidə 148 istixanaya 52,3 milyon, o cümlədən 69 hektar ərazidə 27 müasir istixanaya 47,7 milyon manat güzəştli kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına müasir istixana komplekslərinin yaradılması bundan sonra da davam etdiriləcəkdir.

Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1228 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlətimizin başçısı hazır məhsullara və gübrələrə baxdı.

Prezident İlham Əliyev istixana kompleksinin işçiləri ilə söhbət etdi.

İşçi: Cənab Prezident, çox sağ olun ki, bizə bu cür şərait yaratmısınız. Bizə yollar çəkdirmisiniz, idman kompleksi tikdirmisiniz, xəstəxanalar açdırmısınız. Sizə sağ olun deyirik. Allah Sizə uzun ömür, cansağlığı versin. İşlərinizdə uğurlar arzulayırıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

İşçi: Cənab Prezident, xoş gəlmisiniz. Mən bir şeyi xatırlatmaq istəyirəm, Ulu Öndərimiz həmişə deyərdi ki, Azərbaycan çox qüdrətli bir ölkə olacaqdır. Biz bu gün məhz Sizin rəhbərliyiniz altında bu fikirlərin reallığa çevrilməsinin canlı şahidiyik. Buna görə də çox sağ olun, minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sabirabadda çox işlər görülüb. Bildiyiniz kimi, Olimpiya İdman Kompleksi, digər vacib obyektlər tikilib. Onların içində əlbəttə ki, sənaye müəssisələrinin yaradılması da xüsusi yer tutur. Həm sizin üçün iş yerləri yaradılır, həm yüksək maaş verilir. Eyni zamanda, görürəm ki, burada qadınlar işləyirlər. Qadınlar üçün də iş yerləri olmalıdır. Müasir texnologiya əsasında qurulmuş müəssisələrdə işləmək əlbəttə ki, çox xoşdur. Burada neçə nəfər işləyir?

İşçi: 55 nəfər. İstixananın dörd hektar ərazisi istifadəyə veriləndən sonra 110 nəfərə çatacaqdır.

Prezident İlham ƏLİYEV: Əksəriyyəti də qadınlardır. Bura hələ genişlənəcəkdir. Əlavə iş yerləri yaradılacaqdır. Siz bu kənddə yaşayırsınız?

İşçi: Bəli, Bulaqlı kəndində.

Prezident İlham ƏLİYEV: Əvvəllər işləyirdiniz?

İşçi: Xeyr.

Prezident İlham ƏLİYEV: Amma indi işləyirsiniz. Gözəl işdir. Şərait də yaxşıdır. Burada fəhlələrə yaxşı xidmət göstərilir. Maaş nə qədərdir?

İşçi: 320 manat. Yeməyimizi də verirlər. Şəraitimiz yaxşıdır. Allah Sizə ömür versin.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 


İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti körpünün sxemini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, körpünün inşa edilməsi ətraf kəndlərdə yaşayan sakinlərin yol-nəqliyyat çətinliklərinin həllində çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 25 may tarixli Sərəncamına əsasən Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində yeni körpünün tikintisi məqsədilə ilkin olaraq iki milyon manat vəsait ayrılmışdı. Körpünün inşasına 2011-ci ilin iyulunda başlanılmışdır. Layihənin smeta dəyəri 8,9 milyon manatdır. Körpünün sifarişçisi Sabirabad Rayon İcra Hakimiyyətidir. Tikinti işləri “Gəncə Körpü Tikinti-2” ASC tərəfindən aparılmışdır.

Bildirildi ki, körpü Sabirabad şəhərini rayonun Şirvan düzündə yerləşən 16 və Kürdəmir rayonunun 3 kəndi ilə birləşdirir. Səkkiz aşırımlı körpünün uzunluğu 153, ümumi eni 10,7 metr, ikizolaqlı hərəkət hissəsinin eni isə 8,4 metrdir. Yol ötürücüsünün sağ və sol hissələrində piyadalar üçün eni 1,15 metr olan keçidlər tikilmişdir. Həmçinin körpünün ətrafında 5 hektar ərazidə yaşıllaşdırma işləri də aparılmışdır. Buradan Sabirabad rayonunun 32 mindən çox əhalinin yaşadığı 16 kəndinin sakinləri istifadə edir.

Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Körpü ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti tapşırıqlarını verdi.