Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

 

77

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Əmin olduğumu bildirirəm ki, ali dövləti vəzifədə Sizin fəaliyyətiniz Azərbaycanın daha da çiçəklənməsinə, həmçinin Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişafına kömək edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız”.

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkənizə tərəqqi və çiçəklənmə arzu edirəm. Sizə ali dövləti vəzifədə uğurlar diləyirəm.

Mən Azərbaycan və Sloveniya arasında dostluq əlaqələrinin bundan sonra da bütün istiqamətlərdə uğurla davam edəcəyinə əminəm. Əminəm ki, ölkələrimiz arasındakı faydalı əməkdaşlıq dünyada sülhün və stabilliyin möhkəmlənməsinə töhfə verəcəkdir.

Xahiş edirəm, cənab Prezident, Sizə olan ən səmimi ehtiramımı qəbul edin”.

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçdən: “Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Xalqın Sizə dərin etimadı ona əsaslanır ki, Sizin prezidentliyinizin əvvəlki dövründə fəaliyyətiniz uğurlu olmuşdur. Əminəm ki, Sizin yeni prezidentlik müddətiniz də ölkəniz və xalqınız üçün müvəffəqiyyətli olacaq, eyni zamanda, regionunuzda sülhün möhkəmlənməsinə və sabitliyə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

Oktyabrın 17-də Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Antonis Samaras prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Yunanıstanın Baş nazirinə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Lyublyana şəhərinin meri Zoran Yankoviçdən: “Ölkənizdə keçirilmiş prezident seçkilərinin nəticələrindən çox məmnunam. Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim.

Seçkilərdə qalib gəlmək həmişə ağır, gərgin, qətiyyətli, inadlı, səbirli bir iş, əməkdaşlıq, komanda ilə çalışmaq, həmkarlara dərin inam, həmrəylik, möhkəm dəlillər tələb edən və ən yaxşı nəticəyə hesablanan fəaliyyətdir. Əminəm ki, bu keyfiyyətlər zəminində ümumi məqsədlər naminə Azərbaycan Respublikasının inkişafı üçün səylərinizi davam etdirəcəksiniz.

Hörmətli cənab Prezident, Sizə işlərinizdə davamlı uğurlar arzulayıram.

Sizə ən yaxşı arzularımı çatdırır, tezliklə Lyublyanada görüşəcəyimizə ümid edirəm”.

Sloveniya Respublikasının müdafiə naziri Roman Yakiçdən: “İcazə verin, fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da davam edəcək və daha da möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, ümidvaram ki, tezliklə Sloveniya Respublikasında Sizinlə görüşəcəyəm. Məlum olduğu kimi, 2013-cü ilin dekabrında Sloveniya Respublikası və Azərbaycan Respublikası həm bizim, həm də sizin Milli Qəhrəmanımız Mehdi Hüseynzadənin – Mixaylonun 95 illiyinə həsr olunan birgə tədbir keçirəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram”.

Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatindən: “Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq İdman Təşkilatları Konfederasiyası İcraiyyə Komitəsinin adından səmimi qəlbdən təbrik edirəm.

MDB ölkələrinin idman ictimaiyyəti bu hadisəni xalqın Sizə etimadı və ölkənizin sosial inkişafına Sizin şəxsi töhfənizin qiymətləndirilməsi kimi qəbul edir. Bu inkişafda mühüm yer tutan bədən tərbiyəsi və idman proqramlarının Azərbaycan Respublikasında həyata keçirilməsi bütövlükdə Birlik ölkələri məkanına müsbət təsir göstərir.

Biz əminik ki, Sizin MDB-də yüksək mövqeyiniz və nüfuzunuz 2014-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində MDB ölkələrinin IX Beynəlxalq İdman Oyunlarının uğurla keçirilməsində də, əvvəlki illərdə olduğu kimi, idman təşkilatlarını dəstəkləməyə imkan verəcək, millətin sağlamlığı və xalqlar dostluğunun qorunub saxlanması üzrə səylərinizin real təcəssümü olacaqdır.

Sizə uğurlar diləyir, özünə layiqli rəhbər seçmiş Azərbaycan xalqına ən xoş arzularımızı bildiririk”.

Rusiya Federasiyasının Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyevdən: “Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Kemerovo Vilayət Administrasiyası, Xalq Deputatları Soveti və vilayətin bütün sakinləri adından, həmçinin şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizə göstərilən ümumxalq dəstəyi son onillikdə Sizin rəhbərliyinizlə ölkənizin qazandığı inamlı nailiyyətlərin qardaş Azərbaycan xalqı tərəfindən etiraf olunmasına dəlalət edir. Bu dəstək Sizə göstərilən ən yüksək etimadı və yürütdüyünüz siyasətin ürəkdən bəyənilməsini ifadə edir. Sabitliyin və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş bu siyasət Azərbaycanın dinamik və fasiləsiz inkişaf, demokratik hüquqi dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə irəliləməsini təmin edir.

Siz XXI əsrin müasir lideri, güclü xarizmatik siyasi xadim, atanız Heydər Əlirza oğlu Əliyevin ən layiqli varisisiniz. Mən Heydər Əlirza oğlunu şəxsən tanıyırdım və onun görkəmli xidmətləri, şəxsiyyətinin miqyası, istedadı, dövlətə sədaqəti və doğma Azərbaycana atalıq qayğısı qarşısında indi də baş əyirəm.

Kuzbas ilə Azərbaycan Respublikasının əməkdaşlığını yüksək qiymətləndirirəm. Bu əməkdaşlığa görə biz Heydər Əlirza oğlunun fəal iştirakına borcluyuq.

Bu gün Siz atanızın dövlətçilik işini davam etdirir, MDB-də və bütün dünya birliyində haqlı olaraq möhkəm nüfuz qazanmış, güclü, müasir Azərbaycan dövlətinə qətiyyətlə rəhbərlik edirsiniz. Azərbaycanın yeni əsri və əlbəttə, onun ən yeni tarixi Sizin adınızla bağlıdır.

Hörmətli İlham Heydər oğlu!

Sizi sevən və ətrafınızda sıx birləşmiş Azərbaycan xalqına xidmət kimi nəcib işinizdə səmimi qəlbdən yeni uğurlar diləyimizi qəbul edin.

Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm!”

ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru, Kaliforniya Universitetinin professoru Lütfi Zadədən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.

Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxili və xarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.

Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi lideri vardır”.

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşerskidən: “İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə Bolqarıstan hökuməti adından və şəxsən öz adımdan Sizi təbrik edim, ən səmimi və xoş arzularımı çatdırım.

Bolqarıstan Azərbaycan ilə mövcud sıx əlaqələri yüksək qiymətləndirir və əmindir ki, bu əlaqələr xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcəkdir.

Əminəm ki, birgə səylərimiz vasitəsilə ənənəvi dost ölkələrimiz arasındakı ikitərəfli siyasi və mədəni dialoqun yüksək səviyyədə olması üçün geniş imkanlar yaradılacaqdır.

Zati-aliləri, bu gözəl fürsətdən istifadə edərək, Sizə cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə səmimi qəlbdən böyük uğurlar arzulayıram”.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq və çiçəklənmə arzulayıram.

Əminəm ki, Sizin rəhbərliyiniz BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında mövcud olan sıx dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə daha güclü təkan verəcək və bizim sıx əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Azərbaycan hazırda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvüdür. Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası 2014-cü ilin aprelində Bakıda keçiriləcəkdir. Azərbaycan hökuməti ölkənin dünyanın qlobal turizm məkanında güclü brend kimi tanınmasına böyük əhəmiyyət verir. Zati-alinizin yüksək dəstəyi bu mövqeni daha da möhkəmləndirir.

Hörmətli cənab Prezident, xahiş edirəm, mənim Sizə ən səmimi ehtiramlarımı və xoş arzularımı qəbul edin”.

Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda və Suxumi-Abxaziya mitropoliti II İliyadan: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu, onu təsdiq edir ki, Siz insanların etimadını və sevgisini qazanmısınız.

Düşünürük ki, dövlət idarəçiliyi işində Sizin böyük təcrübəniz bundan sonra da Cənubi Qafqazda sülhün və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradacaqdır.

Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirik”.

2002-2012-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovdan: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Seçkilərin nəticələri Sizin həyata keçirdiyiniz islahatların Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Prezident seçkilərində qələbəniz dost Azərbaycanın modernləşmə və demokratikləşmə yolunda irəliləyişini davam etdirmək üçün Sizə mandat verir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Bolqarıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişafını davam edəcəkdir. Bu gün energetika və iqtisadiyyat sahəsində əlaqələrimiz bizim dostcasına münasibətlərimizin, habelə Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinin əsasını təşkil edir. Əminəm ki, mədəniyyət, elm və təhsil sahələrində, sosial sahədə, xalqlarımız arasında birbaşa əlaqələrin asanlaşdırılması yolunda hələ istifadə edilməmiş imkanlar vardır.

Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahının yüksəldilməsinə, Bolqarıstan Respublikası ilə ikitərəfli əlaqələrin inkişafına yönəlmiş səylərinizdə uğurlar arzulayıram”.

Macarıstan Respublikasının Baş naziri Viktor Orbandan: “İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.

Azərbaycan son on ildə böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir. Əminəm ki, bizim intensiv əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.

 


18.10.2013

 

Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə dost Azərbaycan xalqının tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafının şahidi olacağıq”.

Mərakeş Kralı VI Mohammeddən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı bildirir, Sizə cansağlığı və xoşbəxtlik, müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyirəm.

Mən fürsətdən istifadə edib bir İslam ümməti olaraq, ölkələrimiz arasında qardaşlıq əlaqələrinə və qarşılıqlı ehtiramımıza nə qədər yüksək dəyər verdiyimi, gələcəkdə qarşılıqlı maraqlara xidmət məqsədi ilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməkdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Zati-aliləri, bir daha Sizi səmimi qəlbdən təbrik edir, ehtiramımı bildirirəm”.

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri- Enrike Akkorsi Opazodan: “Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan Zati-alilərinə yeni prezidentliyiniz dövründə böyük nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə qazandığınız parlaq qələbə münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabdan: “Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ötən prezidentliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etmiş, xalqın rifahı yüksəlmişdir.

Sizin hakimiyyətiniz Azərbaycana sabitlik və hətta dünya iqtisadi böhranının da təsir edə bilmədiyi iqtisadi inkişaf bəxş etmişdir. Belə mürəkkəb dövrdə bu, heç də asan iş deyildir. Amma Sizin hökumətinizin uğurlu siyasəti ölkədə regiona nümunə ola biləcək rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olmuşdur. Mən Sizin karbohidrogen sənayesini şaxələndirməyə, informasiya texnologiyaları və telekommunikasiya kimi gələcəyin sənaye sahələrinin inkişafına yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Hökuməti arasındakı əlaqələrə böyük dəyər verdiyimi, aktual məsələləri və vacib problemləri müzakirə etmək üçün Sizi illik iclaslarımızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istərdim.

Yanvarda Sizi Davosda səbirsizliklə gözləyirəm”.

Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri Hvanq Vu Yedən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yeni Hüdud Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Prezident seçkilərində parlaq qələbəniz Sizin ölkəyə uğurlu rəhbərliyinizə və dövlət idarəçiliyi təcrübənizə Azərbaycan xalqının inamının təsdiqidir.

Yeni Hüdud Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələr uğurla davam edir. Mən Sizin bundan əvvəlki prezidentliyiniz dövründə münasibətlərimizin sürətli inkişafını yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın və Yeni Azərbaycan Partiyasının davamlı inkişafını səmimi qəlbdən arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm”.

Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrəndən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Fransa-Azərbaycan Ticarət Palatası adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Ölkənizin iqtisadi, sosial və siyasi inkişafını davam etdirdiyinizə və sürətləndirdiyinizə görə Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi.

Sizin rəhbərliyinizlə ölkənizin iqtisadi inkişafını Fransa-Azərbaycan Ticarət Palatası diqqətlə izləyir.

Əminik ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı olacaq, işğal altındakı əraziləriniz sülh yolu ilə azad ediləcək, ölkənizdə əmin-amanlıq və sabitlik daha da möhkəmlənəcəkdir.

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu sayəsində iqtisadi əlaqələrimiz xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etmiş və möhkəmlənmişdir”.

Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri Qabor Vonadan və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşidən: “Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı qəbul edin.

Seçkilərdə parlaq qələbəniz xalqın marağına uyğun olaraq Sizin ölkəyə davamlı sabitlik və iqtisadi dirçəliş gətirən siyasi proqramınıza Azərbaycan xalqının göstərdiyi etimadın təsdiqidir. Həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ölkənizə uğur qazandırmaq üçün göstərdiyiniz səylərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Fürsətdən istifadə edərək ən dərin ehtiramımızı bildiririk”.

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdindən: “Rusiya Müftilər Şurası, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsi adından və şəxsən öz adımdan Sizə yüksək hörmət və ehtiramımı bildirirəm. Prezident seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz ölkənizin vətəndaşları arasında yüksək etimadınızı və şəksiz nüfuzunuzu təsdiq edir. Əminəm ki, Sizin qələbəni Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursunuzu hərtərəfli dəstəkləməsi təmin etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz güc və enerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də Sizin ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim”.

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagindən: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik etməkdən xoşbəxtəm.

Azərbaycan xalqı Sizi praktiki olaraq yekdilliklə öz rəhbəri seçmişdir. Bu, təəccüblü deyil, çünki Siz dünyada çox yüksək nüfuz sahibi olan görkəmli siyasi xadim, öz siyasi fəaliyyətilə 1990-cı illərin əvvəlində Azərbaycanı ağır siyasi böhrandan çıxarmış atanızın işinin layiqli davamçısısınız. Müasir dövrün nəhəng siyasi lideri olmuş Heydər Əlirza oğlu Əliyev dünyanın iyirmi ən güclü siyasətçisi sırasına daxil idi. O, respublikanı yenilənmə yoluna qaytarmaq və onun resurslarını inkişaf etdirmək üçün ən zəruri tədbirlər görmüşdür. Bu gün Siz onun işini layiqincə davam etdirirsiniz. Mən Sizin gözəl respublikanızı, Bakını çox sevirəm. Bakı ilə bağlı yaradıcı əlaqələrim və çox fərəhli xatirələrim vardır.

Ölkənizə firavanlıq arzulayıram. Qoy nikbinlik, səbir və quruculuq enerjisi heç vaxt tükənməsin. Qoy Sizin bütün planlarınız və niyyətləriniz uğurla həyata keçsin, həmfikirlərinizin əhatə dairəsi genişlənsin”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Səfir Şamil Ələsgərovdan: “İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi olaraq, iki uğurlu prezidentlik müddətindən sonra Azərbaycan xalqının üçüncü dəfə Sizə yüksək etimad göstərərək yenidən Prezident seçməsi münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq və şərəf duyuram. Bu, Sizin liderliyinizin və demokratiyaya möhkəm bağlılığınızın bariz təsdiqidir.

Azərbaycan böyük gələcəyi, potensialı, strateji cəhətdən vacib, zəngin təbii sərvətləri və istedadlı xalqı olan ölkədir. Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, regional səviyyədə tərəqqi və inkişaf amili hesab olunur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal və konstruktiv rol oynayacaqdır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatında Zati-alinizin dəstək və tövsiyələrinə həmişə ümid bəsləyirik.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayım”.

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanovdan: “İcazə verin, ilk növbədə 2013-cü il oktyabrın 31-dən noyabrın 1-dək Bakı şəhərində keçiriləcək Üçüncü Beynəlxalq Humanitar Foruma məni dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirim.

Fürsətdən istifadə edib Sizi prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da xalqın rifahının yüksəlməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artması yolu ilə irəliləyərək yüksək iqtisadi göstəricilər və davamlı inkişaf sürəti nümayiş etdirəcəkdir”.

Nyu-Meksiko ştatının qubernatoru Susana Martinezdən: “Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm.

Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Əminəm ki, ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləməkdə davam edəcəklər. Bir amerikalı kimi mən Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm.

Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimizi Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub” qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərar daha da gücləndirmişdir. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.

Bizim ortaq dəyərlərimizə müxtəliflik, tolerantlıq, azlıqlara və insan hüquqlarına hörmət də daxildir. Bunlar hər bir demokratik sistemin fundamental əsaslarıdır.

Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram”.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərəndən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və böyük nüfuza malik ölkənizdə sülh və əmin-amanlığa gətirib çıxarmış nailiyyətlərin davamlı olmasını arzulayıram.

Prezident seçkilərinin nəticələri Zati-alinizin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara xalqınızın inam və etibarını bir daha təsdiq edir.

Hörmətli cənab Prezident, Sizin bütün səylərinizin bundan sonra da uğurlu olmasını arzu edirəm.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin”.

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosodan: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Eyni zamanda, bildirmək istəyirəm ki, bu ilin aprel ayında ölkənizə səfərim zamanı sizinlə görüşmək mənim üçün böyük şərəf oldu. Ümidvaram ki, Siz də yaxın gələcəkdə Uruqvaya səfər edəcəksiniz.

Cənab Prezident, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm”.

Kolumbiya Respublikasının senatoru Alexandra Morena Pirakivedən: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Azərbaycanı yaxından tanıdığım üçün ölkənizin Sizin rəhbərliyinizlə qazandığı uğurları daim izləyirəm. Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi təbrik edir, qardaş Azərbaycan xalqına davamlı tərəqqi arzulayıram.

Öz adımdan və Senatın II Komitəsinin senatorları adından əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızın və parlament diplomatiyamızın inkişafına sadiq qalacağıq.

Zati-aliləri, Sizə xoş arzularımı və ehtiramımı çatdırıram”.