Azərbaycan Qafqazın Avropasıdır

 

67

 

Üçüncü Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuş “GF-Communications” media şirkətinin direktoru Dieqo Velazquezin Argentinanın Latın Amerikasında geniş oxucu kütləsinə malik nüfuzlu “La Nacion” qəzetində “Azərbaycan – Qafqazın Avropası” adlı məqaləsi dərc olunub.

Müəllif sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın 2005-ci ildən etibarən dünya üzrə ən yüksək inkişaf göstəricisi əldə etdiyini bildirir. Bakının heyrətamiz arxitekturaya malik olduğu, şəhərin qədimiliklə müasirliyi özündə əks etdirdiyi qeyd edilən yazıda şəhərin qədim tarixi abidələri, zəngin sosial-mədəni həyatı, çoxmədəniyyətliliyi, habelə Azərbaycanın rəngarəng mətbəxi haqqında söz açılır.

Müəllif yazır ki, Azərbaycanda əhalinin rifahı yüksək səviyyədə olduğundan ölkəni Qafqazın Avropası adlandırırlar. Diqqəti cəlb edən əsas məqamlardan biri də ölkənin sabitliyi və təhlükəsizliyidir.

Səfər çərçivəsində Naxçıvanda da olduğunu yazan müəllif muxtar respublikanın füsunkar təbiətindən, burada müalicə mərkəzi kimi fəaliyyət göstərən və dünyada bənzəri olmayan Duzdağ mağarasından, Möminə Xatun türbəsindən və digər dəyərli mədəni irs nümunələrindən bəhs edir.

Sonda müəllif yazır: “Səmimi şəkildə deyə bilərəm ki, Azərbaycan, bu Odlar Yurdu ilə tanış olmaq son dərəcə gözəldir”.