Azərbaycan xalqının ruhunu heç vaxt heç kim və heç nə sındıra bilməz

4

 

Fevralın 27-də Moskvanın “AZIMUT Moscow Olympic” otelinin konfrans salonunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.

Otelin foyesində Bakının uşaq evlərində tərbiyə alan balacaların çəkdikləri rəsmlər sərgilənib, iştirakçılara soyqırımından bəhs edən müxtəlif ədəbiyyat paylanıb. Foyedə quraşdırılıb monitorda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin müharibə zamanı viran edilmiş ayrı-ayrı guşələrini əks etdirən kadrlar bir-birini əvəz edirdi.

Salona toplaşanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edərək demişdir: “Bu faciə Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifəsidir. Əlbəttə, biz bu gün nə etsək də, heç vaxt o günahsız insanların həyatlarını qaytara, yaxınlarını itirmiş insanların dərdlərinə dərman tapa və hibər bir azərbaycanlının qəlbindəki yaranı sağalda bilmərik. Zaman göstərir ki, Azərbaycan xalqının ruhu sınmayıb. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt heç kim və heç nə sındıra bilməz”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Rusiyada fəaliyyət göstərən Yəhudi Dini İcmaları və Təşkilatları Konqresinin vitse-prezidenti Zinoviy Koqan, Qarabağ müharibəsinin iştirakçısı, “Cəhənnəmi görmüş pilot” filminin qəhrəmanı, mayor Leonid Kravets Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırımı olduğunu vurğulayıb, bu faciənin səbəbkarları barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.

Sonda “Cəhənnəmi görmüş pilot” filmi nümayiş etdirilib.

Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

Tədbirdə Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.