Azərbaycanda 10 min nəfərə 11 vəkil düşür

Vəkillərin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində vəkilliyin inkişafı üzrə görülən tədbirlər xüsusi yer tutur və önəm kəsb edir.

XALQ.AZ xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, vəkillik institutu son illər çox inkişaf edir və bu sahədə böyük işlər görülür:

“İlk dəfə ölkədə vəkillərin sayı min nəfəri ötüb. Ölkədə 1039 nəfər vəkil fəaliyyət göstərir. Bu gün 90 nəfər yazılı imtahanı, şifahi müsahibəni, tədrisi uğurla keçən namizədlərimiz təntənəli sürətdə Vəkillər Kollegiyasına qəbul olunublar.

Bu namizədlər respublikanın bütün regionlarında fəaliyyət göstərəcək, insanlarımıza yüksək keyfiyyətli hüquqi yardım göstərəcəklər. Çalışırıq ki, bu işi daim davam etdirək”.

“Biz nəzərdə tutmuşuq ki, yaxın bir neçə ay ərzində 100 nəfərdən çox namizədi vəkilliyə qəbul edək. Bu, sonuncu qəbul deyil. Daha bir qəbul keçiriləcək. May ayı ərzində təxminən 200 nəfərə yaxın namizəd vəkilliyə sənəd verib.

Beləliklə, artıq iyun ayında 10 min nəfərə haradasa 12 vəkil düşəcək. Təbii ki, bu rəqəm getdikcə artacaq. Bu, sevindirici haldır”, – deyə o bildirib.

Bununla belə, A.Bağırov qeyd edib ki, vəkillərin sayını kortəbii şəkildə artırmaq olmaz:

“Biz çalışırıq ki, savadlı, hazırlıqlı, təcrübəli hüquqşünaslar vəkilliyə qəbul olunsun. Çünki bizim mövqeyimiz ondan ibarətdir ki, vəkillərin hazırlığı, bilik səviyyəsi heç də hakimdən, prokurordan aşağı olmamalıdır. Vəkilin işi, bəlkə də, onlardan daha çətindir”.

A.Bağırov qeyd edib ki, hazırda kollegiyaya qəbul davam edir:

“Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayırıq”.

A.Bağırov bildirib ki, vəkilliyə qəbulla bağlı üç illik iş stajının bir ilə endirilməsini təklif edilir:

Üç illik iş stajı bir ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr. Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı”.

 

 

Elgün