Azərbaycanda çoxlu istedadlı gənc ifaçılar var

Shov

Azərbaycanın mədəni dəyərlərini fransızlara tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun  təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-  Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən tədbirlərin  səkkizinci günü caz musiqisinə həsr olunub.

Keçən əsrin ikinci yarısından ölkəmizdə caz musiqisi inkişaf etməyə başladı. Azərbaycanda  caz musiqisinin yeni ənənələrinin təməlini qoyan Vaqif Mustafazadə və Rafiq Babayev kimi  cazmenlərin ifaçılığını indi də yaxşı xatırlayırlar. Caz musiqisinin əsl yeniliklərindən biri də  xalqımızın tarixi süzgəcindən keçərək milli adət ənənələrimizi özündə yaşadan muğamla  improvizasiyadır.

Son illər beynəlxalq caz musiqi festivallarında müvəffəqiyyətlə çıxış edən istedadlı azərbaycanlı gənclər məşhur cazmenlərimizin musiqi sahəsində yaratdıqları yenilikləri daha da təkmilləşdirib və inkişaf etdiriblər. Belə gənc ifaçılardan biri Elçin Şirinov sentyabrın 26-da parislilər və şəhərin qonaqları qarşısında çıxış edib.

Tamaşaçıların böyük maraq göstərdiyi konsertdə virtuaz ifaçı E. Şirinov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib. Onu Samuel Laserson və Con Skot zərb alətlərində və kontrabasda müşayiət ediblər. Onların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paytaxt sakini Şarl Bernar dünyanın tanınmış cazmenləri ilə bir sırada dayanan istedadlı azərbaycanlı ifaçılar olduğunu deyib:

“Mən bir neçə dəfə azərbaycanlıların caz konsertinin iştirakçısı olmuşam. Onların ifaçılıq tərzi məndə həmişə xoş təəssürat yaradıb. Dünyanın tanınmış cazmenləri ilə bir sırada dayanan istedadlı azərbaycanlı ifaçılar İsfar Sarabski və Şahin Növrəslinin adları yaxşı yadımdadır. Bu gün isə virtuaz ifaçı Elçin Şirinovun çıxışı mənə xoş təsir bağışladı. Onun ifaçılıq məharəti tamaşaçılarda xüsusi rəğbət hissi oyatdı. Mən ayrılıqda ona öz təşəkkürümü bildirdim. Doğrudan da, başqa sahələr kimi, caz musiqisində də Azərbaycanda çoxlu istedadlı gənc ifaçılar vardır”.

Təmiz Paris səması altında keçən daha bir gecədə paytaxt sakinləri və qonaqlar Azərbaycan günləri çərçivəsində növbəti musiqili gecəni yaşadılar.