“Azərbaycanda davamlı iqtisadi islahatlar aparılır” Tahir Mirkişili

tahir

 

“Bu il Davosda keçirilən Dünya İqtisadi Forumu 2017-ci ildə yeni qaydaları müəyyən etdi. Forumun əsas şüarı “Açıq və məsuliyyətli liderlik” elan olunmuşdu. Qərb elitasının böhranı, yoxsulluğun və işsizliyin dünyada artması və digər çağırışlar Davosda əsas müzakirə mövzuları oldu. Qərb ölkələrində populist əhval-ruhiyyənin artması fonunda qlobal iqtisadiyyatın əsas dəstəkçisi kimi Çin çıxış etdi”. Bunu açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O qeyd edib ki, forumun nəticələrinə görə, 2017-ci ilin əsas çağırışları geosiyasi təlatümlər, miqrasiya və digər sosial problemlər, terrorçuluq, kiber hücümlar olacaq.

Deputat bildirib ki, Azərbaycan hər zaman Davos Forumunda yüksək səviyyədə iştirak edib: “Ölkəmiz Dünya İqtisadi Forumunda bu il də dövlət başçısı səviyyəsində təmsil olundu. Azərbaycanın İpək Yoluna Qərb və Şərq arasında çoxfunksiyalı yol kimi baxması və bu layihənin gerçəkləşməsi üçün öz imkanlarını əsirgəməməsi “məsuliyyətli liderliy”in nümunəsi kimi qeyd olundu. Ölkə başçımızın dünyada innovativ sahələri təmsil edən şirkət rəhbərləri ilə görüşləri Azərbaycanda aparılan iqtisadi islahatlarda innovativliyin və inkluzivliyin strateji hədəf olmasını nümayiş etdirirdi.

Qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun açıqladığı 2016-2017-ci illər üçün qlobal rəqabət qabiliyyətlilik reytinqində Azərbaycan 140 ölkə içərisində 3 pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Bu reytinq ölkədə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlılıq və innovativliyini artıraraq digər ölkə iqtisadiyyatları ilə rəqabətdə gücləndiyini göstərir”

Sia.az