Azərbaycanda ilk dəfə əcnəbilər üçün alıcı missiyaları təşkil ediləcək

Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 oktyabr tarixli fərmanında dəyişikliklər edilməsi fərman imzalayıb.

 

XALQ.AZ “APA-ya istinadən məlumata görə, fərmana əsasən Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək.

 

Fərmanda bildirilib ki, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10  nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər.

 

Bundan başqa, qaydalara görə, təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz.

 

Fərmana görə, alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi təmin etməlidir.

Rəsul