Azərbaycanda internet bütün evləri əhatə edəcək

01

 

Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i geniş zolaqlı internetə qoşulub. APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hazırda “Facebook” sosial şəbəkəsində Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb.

Onun sözlərinə görə, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq. Nazir deyib ki, bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığı 85%-ə çatdırılacaq.

Ə. Abbasov qeyd edib ki, bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq: “Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür. İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10%-i elektron xidmətlərdən istifadə edir, 40% internet xidmətlər isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərdən əhalinin 100% əhatə olunması və xidmətlərin 80%-nin elektronlaşdırılması nəzərdə tutulur”.

Nazir, həmçinin qeyd edib ki, hazırda ölkədə elə aktiv internet istifadəçiləri var ki, onların hətta virtual olaraq digər ölkələrdəki iş yerlərinə çıxışları var. Bu gün ölkədə internetlə rəsmi prosedurların – vergi, gömrük xidmətlərinin həyata keçirilmədiyini deyən Ə.Abbasov bildirib ki, gələcəkdə dünyada belə prosedur həyata keçirilsə belə, Azərbaycan hökuməti bunu etməyəcək.

Nazir vurğulayıb ki, ölkədə xüsusi informasiya xidmətlər bazasının yaradılması və onun beynəlxalq qəbullara verilməsi çox vacibdir.