Azərrbaycanda dəhşətli hadisə

“Qardaşım yoxa çıxmışdı, onu axtarmağa başladıq. Öyrəndim ki, axırıncı dəfə Bəxtiyarla danışıb. Onların evinə gedəndə orada qan gördüm. Nə qan olduğunu soruşdum, dedi ki, toyuq kəsmişdim…”, – Xudatda qətlə yetirilən 50 yaşlı Hikmət Babayevin qardaşı Səlim Babayev belə deyir. O, martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşının qətli ilə əlaqədar ifadə verib.

XALQ,AZ xəbər verir ki, bu qətl hadisəsinə görə məhkəmə qarşısına onların həmyerlisi, 54 yaşlı Bəxtiyar Çobanov təqsirləndirilən şəxs qismində çıxarılıb. İttihama görə, hadisə günü onlar Bəxtiyar Çobanovun evində yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqlayaraq öldürüb.

Mərhumun qardaşı Səlim Babayev məhkəmədə ifadə verərkən qardaşının meyitinin necə aşkarlanmasından danışıb: “Qardaşımın axırıncı dəfə Bəxtiyarla danışdığını biləndən sonra onu axtardıq. Amma görüşmək istəmədi, dedi ki, xəbəri yoxdur. O biri qardaşım və qardaşımın oğlu ilə biz Bəxtiyargilin evinə getdik. Qapının ağzında içində qanlı parçalar olan vedrə gördüm. Bəxtiyardan soruşdum ki, bu nədir? Dedi ki, toyuq kəsmişəm. Dedim ki, axı bu, toyuq kəsməklə çıxan qana oxşamır. Yerdə çoxlu qan izləri var idi. Çölə çıxıb evin arxasına baxmaq istəyəndə qoymadı. Amma mən getdim və orada da qan izləri gördüm. Sonra qaçdı. Qardaşımgil polis çağırdı. Polislər gələndən sonra meyiti sellofanın içindən çıxartdılar”.

Təqsirləndirilən Bəxtiyar Çobanov ifadəsində bildirib ki, hadisədən əvvəl Hikmət Babayev onu döyüb. Bu məsələ ilə əlaqədar mərhumun qardaşı təqsirləndirilən şəxsə üzünü tutaraq deyib: “Səni döymüşdüsə, sən də onu vurardın, daha niyə öldürürdün?”

Mərhumun üzərində 11 bıçaq zərbəsinin yeri aşkarlanıb.

Təqsirləndirilən Bəxtiyar Çobanov Səlim Babayevdən onu bağışlamalarını istəsə də, mərhumun qardaşı razılaşmayıb: “Bağışlamıram…”

Daha sonra prokuror çıxış edərək, təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib. Bəxtiyar Çobanovun vəkili isə müvəkkilinin hadisəni affekt vəziyyətdə törətdiyini söyləyib: “Bəxtiyar Çobanov sakit adamdır. Onu tanıyanlar belə xarakterizə edir. Hadisə vaxtı mərhum Hikmət Babayev əlində olan boru ilə Bəxtiyar Çobanova hücum edib. O da özünü müdafiə məqsədi ilə ona zərbə endirib. Digər zərbələri endirəndə isə affekt vəziyyətində olub. Bunları nəzərə alaraq hüquqlarını müdafiə etdiyim şəxsə yüngül cəza verilməsini xahiş edirəm”.

Məhkəmənin hökmü isə martın 29-da məlum olacaq.

 

Elgün