Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitlik mövcuddur

05

 

Bakının Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün ictimaiyyət nümayəndələri ilə növbəti görüş keçirilib.

Publika.Az-ın məlumatına görə, görüşdə Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Artıq seçki kampaniyasına start veriləndən bəri cəmiyyətin birmənalı mövqeyinin məhz İlham Əliyev olduğunu bildirən YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qaradağlıların da bu prosesdə böyük aktivlik nümayiş etdirdiyini vurğulayıb.

Bütövlükdə Azərbaycan cəmiyyətinin İlham Əliyevi Azərbaycanın gələcək qarantı kimi qəbul etdiyini söyləyən A.Hüseynov bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya miqyasında aparıcı mövqeyə yüksəldiyini bildirib: “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulən milli dövlətçilik məfkurəsi Onun ən layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də, onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun siyasi mövqeləri də daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır ki, bunun fonunda Azərbaycan dünyada öz mövqelərini durmadan möhkəmləndirir. Məhz cənab Prezidetn İlham Əliyevim qətiyyəti və həyata keçirdiyi uğurlu praqmatik siyasəti nəticəsində Azərbaycanın 20 faizdən artıq torpaqlarını hələ də işğalda saxlayan bədnam qonşumuz olan Ermənistan bu gün ölkəmiz qarşısında həm iqtisadi həm də siyasi cəhətdən müqayisəyə gəlməyəcək səviyyədə geridədir. Təkcə Azərbaycanın hərbi xərcləri işğalçı Ermənistanın ümumi dövlət büdcəsindən bir neçə dəfə artıqdır ki, bu da güc balansının kimin tərəfində olmasını açıq şəkildə ifadə edir. Məhz bu siyasətin nəticəsində hər bir vətəndaşımız əmindir ki, ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq 1 milyondan artıq məcburi qaçqın və köçkünə çevrilimiş vətəndaşlarımız öz yurd yuvalarına qayıdacaq”.

Deputat Fəttah Heydərov da çıxışında Azərbaycanın son 10 ildə qazandığı uğurlardan, ölkəmizin dünyada və beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Ölkəmizin növbəti böyük bir siyasi kampaniyanın uğurla davam etdiyini bildirən F.Heydərov bütövlükdə Azərbaycan cəmiyyətinin İlham Əliyevə dəstək olduğunu söyləyib: “Ölkəmizin müstəqilliyinin ilk illərində düşmüş olduğu ağır və böhranlı dövrlərin, xalqımıza və dövlətimizə qarşı təcavüzlərə məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində son qoyuldu. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın fundamental əsasları qoyuldu. Dövlətimiz, xalqımız öz milli kimliyinə qovuşdu. Ölkəmizdə müstəqil və güclü dövlətçilik institutunun əsası qoyuldu. Azərbaycan bir dövlət kimi beynəlxalq arenada özünü tanıda bildi. Bu gün isə Ulu Öndər Heydər Əliyev siyasi dühasının ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən Azərbaycan dünyada ən aparıcı bir mövqeyə yüksəlib. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizin iqtisadi siyasi mövqeləri sarsılmaz dayaqlar üzərində qurulub. Ölkəmizin dünyada artan nüfuzu onun mövqelərinin günü-gündən güclənməsindən xəbər verir. Azərbaycanın bütün rayonlarında, bölgələrində böyük quruculuq abadlıq işləri həyata keçirilib. Qaradağ da ümumi mənzərəsi onu deməyə əsas verir ki, burada da ölkəmizin hər yerində gedən uğurlu işlər bu rayonda da davam etdirilir. Təbii ki, bu gün dünyanın bir sıra ölkələrində davam edən böhranın nəticələri insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bir sıra ölkələrdə isə daxili ədavətlər fonunda günahsız insanlar qətlə yetirilir. Amma bütün bunlara baxmayaraq Azərbaycanda sarsılmaz ictimai-siyasi sabitlik mövcuddur. Bu isə cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin sayəsində mümkün olub. Qarşıdan isə növbəti prezident seçkiləri gəlir əminik ki, qaradağlılar növbəti dəfə Ulu Öndər Heydər Əliyev siyasətinə dəstək olmaqla cənab İlham Əliyevə açıq dəstək nümayiş etdirəcək. Bu gün bütövlükdə cəmiyyətimiz cənab İlham Əliyevə dəstəkdir və seçkilərdə Ona öz sevgilərini açıq şəkildə nümayiş etdirəcəklər”.

Daha sonra F.Heydərov qarşıdan gələn seçkilərdə xalqımızın öz rifahı və gələcəyi naminə seçkilərdə aktiv iştiraklarını arzulayıb.

Rayon ictimaiyyətinin nümayəndələri isə çıxışlarında qarşıdan gələn 9 oktyabr prezident seçkilərində seçimlərinin ancaq İlham Əliyev olduğunu vurğulayıblar.Tədbirdə yekun çıxışı edən YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyası və xalq birliyinin qalib gələcəyinə, bütövlükdə Azərbaycan cəmiyyətinin prezident İlham Əliyevə dəstək olacağına bir daha əminliyini ifadə edib.