Azərbaycanda yeni medal təsis edildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunub.

XALQ.AZ  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı təsis edilib.

Bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaqlar. Medal döşün sol tərəfinə, digər orden və medalları olduqda, ondan sonra taxılır.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari kontorlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şualı səkkizguşəli ulduz yerləşdirilən lövhədən ibarətdir.

 

Elgün