Azərbaycanda yeni telekanal açılacaq

Bu kanal daha çox elmi-kütləvi proqramlara yer ayıracaq.

41

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “ElmTV” adlı yeni, elmi internet televiziya kanalının açılması ilə bağlı iş aparır.

Bu barədə  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, hazırda internet telekanalının yayımı sınaq rejimində həyata keçirilir və yalnız AMEA-nın struktur bölmələrinin kanala lokal çıxışı var.

Layihə Science.az portalına əsaslanır. Portalda Akademiyanın təşkil etdiyi seminar və konfranslarla tanış olmaq mümkündür. AMEA artıq zəruri studiya avadanlığı da alıb.

Layihənin əsas məqsədi ölkədə həyata keçirilən elmi proqram, layihələr və hazırda elm sahəsində baş verən hadisələr barədə xəbərlər və videomateriallar şəklində məlumatlandırmaqdır.

Hazırda Science.az portalının yeni versiyasının yaradılması üzərində iş aparılır. İşin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır.

Hazırda Azərbaycanda 9 ümumrespublika televiziya kanalı və 5 internet telekanalı yayımlanır.