Azərbaycanın dünya siyasətinə təsir imkanları genişlənir

 

82

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sia-az musahibə verib.

Xalq.az musahibəni təqdim edir

– Vüqar müəllim, sabah paytaxtda III Bakı Beynəlxalq Humanitar Forumu işinə başlayır. Bir çox ölkənin dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatları, tanınmış beyin mərkəzlərini, KİV-ləri təmsil edən nümayəndələr, siyasətçilər forumda iştirak edəcəklər. Forumun, ümumiyyətlə, belə möhtəşəm beynəlxalq tədbirlərin Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Beynəlxalq ictimaiyyətin etiraf etdiyi kimi, sivilizasiyalararası dialoq məkanı kimi tanınan Bakıda belə möhtəşəm forumların, simpoziumların, konfransların keçirilməsi artıq ənənə halını alıb. Dünyanın diqqət mərkəzində olan belə yüksək tədbirlərin paytaxtımızda keçirilməsi bir daha sübut edir ki, Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın dünya siyasətinə təsir imkanları genişlənir.
Adətən humanitar və mədəniyyətlərarası dialoqlar, forumlar bəşəriyyəti düşündürən vəzifələrə həsr olunur. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu kimi, davamlı olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumu da tarixi bir hadisədir. Müxtəlif ölkələrdən gələn nümayəndələrin görüşü, aparılan müzakirələr bilavasitə xalqlararası dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın müəllifi olduğu belə təşəbbüslərin reallaşması o deməkdir ki, ölkəmiz doğrudan da milli və dini dözümlülüyün, tolerantlığın müdafiəsi siyasətinə sadiqdir.
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda əsas müzakirə mövzusu xalqlararası dostluq və əməkdaşlığın genişləndirilməsi, bütünlükdə bəşəriyyəti narahat edən qlobal problemlərin həlli yollarının axtarılmasıdır. Düşünürəm ki, müasir dünyanın çağırışları olan sülh, sabitlik ideyaları, millətlərin qarşılıqlı anlaşmasına həsr olunan belə forumların təşkili qlobal problemlərin səbəblərini araşdırmaq, sağlam düşüncə ilə təhlil aparmaq, dünyanın elmi, siyasi və ictimai gücünü həmin problemlərin həllinə yönəltmək baxımından əhəmiyyətlidir. Belə bir möhtəşəm forumun Bakıda keçirilməsi isə təbiidir. Çünki bütün dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın təcrübəsi həqiqətən də öyrənilməyə layiqdir. Yadınızdadırsa, ötən ilki forumda 10-dan artıq Nobel mükafatı laureatının, 15-dən artıq sabiq dövlət başçısının, müxtəlif ölkələri təmsil edən dövlət və hökumət rəhbərlərinin iştirakı müzakirə olunan məsələlərin əhəmiyyətini artırmaqla, eyni zamanda ölkəmizə olan maraq və diqqətdən irəli gəlirdi.
Bu gün dünyada qəbul olunan yeni ideologiyaların təbliği, problemlərin elmi, XXI əsrin çağırışlarına uyğun müasir texnologiyalardan istifadə edilməklə aradan qaldırılması, belə mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanın təşəbbüskarlığı təqdirəlayiqdir. 9 oktyabrda keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanan möhtərəm İlham Əliyevə dünyanın bütün qitələrindən ünvanlanan təbrik məktubları da göstərir ki, beynəlxalq aləmdə yeri və mövqeyi möhkəmlənən Azərbaycanın regional əhəmiyyəti kimi qlobal məsələlərdə də xidmətləri yüksək dəyərləndirilir.
– Prezident İlham Əliyevin Azərbaycanın regionlarına səfərləri, imzaladığı fərman və sərəncamlar xalq tərəfindən rəğbətlə qarşılanır. Bu yeniliklərə sizin münasibətinizi öyrənmək istərdik.
– Prezident İlham Əliyevin regionlara səfərləri zamanı insanların ölkə başçısına bitib-tükənməyən məhəbbət və ehtiramını təkcə Azərbaycan deyil bütün dünya heyrətlə izləyir. Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi səmimi, möhkəm və sarsılmaz əsaslara söykənir. Həmin səfərlər zamanı yüzlərlə sənaye obyekti, emal müəssisəsi, mədəniyyət, sosial, təhsil, səhiyyə ocağı istifadəyə verilir. İnsanların rahatlığının təminatı üçün nəzərdə tutulan infrastruktur layihələri reallaşdırılır. Bütün bunlar bir daha göstərir ki, daim iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dövlət siyasətinin əsasında insan, vətəndaş amili dayanır.
Azərbaycanda son 10 ildə həyat keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi yeni hədəfləri müəyyənləşdirməklə daha mühüm vəzifələrin həlli istiqamətlərini də bəlli edir.
9 oktyabrda keçirilən prezident seçkilərində möhtərəm cənab İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi ölkə əhalisinin dövlət başçısına olan inamının bir daha təsdiqidir. Seçkilərdə qazandığı qələbə tək respublikamızda yaşayanların deyil, bütünlükdə 50 milyonluq azərbaycanlının Prezident İlham Əliyevin fəaliyyətinə, siyasətinə, ən başlıcası isə beynəlxalq miqyasda möhkəmlənən nüfuzuna verilən dəyər, göstərilən ehtiramdır.