Azərbaycanın dünyada möhkəmlənən müsbət imicini zədələyə bilməz

elnur

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov “Human Rights Watch”a cavab verib

Bakı-APA. ““Human Rights Watch” təşkilatı Azərbaycan Respublikası ilə bağlı qərəzli və süni şəkildə mənfi rəy formalaşdırmağa davamlı cəhdlər edir. Bu təşkilatın yaydığı “Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar” adlı hesabatda real faktlar kobudcasına təhrif edilir, dünya ictimaiyyəti açıq-aşkar aldadılır”. APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov “Human Rights Watch” təşkilatının son hesabatında Azərbaycanla bağlı məqamları belə dəyərləndirib.

PA rəsmisi bildirib ki, qeyri-mötəbər, bəzi hallarda anonim mənbələr hesabına hazırlanan hesabatda selektiv yanaşmadan istifadə edilərək yalnız müxalif mövqe tutan təşkilat və şəxslərin fikrinə əsaslanılır: “Bu da müxalif mövqe tutmayan çoxluğun rəyinin nəzərə alınmaması deməkdir. Bu cür seçilmiş, konkret siyasi tərəf tutan şəxslərin reprezentativliyi qorunmaqla bir neçə nəfərin fikri əsasında 100 səhifəlik hesabat yaymaq fundamental tədqiqat işinin aparılmadığının, sənədin nə dərəcədə qərəzli və subyektiv xarakter daşıdığının göstəricisidir.

“Human Rights Watch”un barələrindəki ittihamlar üzrə hazırda istintaq prosesi davam edən bəzi şəxslər haqqında hesabatdakı qeydlərini Azərbaycanda istintaqa təzyiq cəhdi kimi qiymətləndiririk. Təşkilatın diqqətinə çatdırırıq ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və heç kimin siyasi baxışları onun qanun qarşısında məsuliyyətini azalda bilməz. Qanunun aliliyi prinsipinə zidd olaraq “Human Rights Watch”un Azərbaycan hakimiyyətinə ünvanlanan insan hüquq və azadlıqlarına əks çağırışları ilk öncə bu təşkilatın öz mahiyyətini ciddi şübhə altına alır”.

Elnur Aslanov qeyd edib ki, hər bir hüquq-müdafiə təşkilatının beynəlxalq nüfuzu onun maliyyə şəffaflığı, topladığı ianələrlə sıx bağlıdır: “Təsadüfi deyil ki, 2011-ci ilə nisbətən 2012-ci ildə “Human Rights Watch”un büdcəsi təxminən 2 dəfə azalıb. Bu isə həmin təşkilatın müstəqil fəaliyyətinə getdikcə inamın azalması, etimadın itməsi ilə bağlıdır. “Human Rights Watch”u dünyada insan hüquqlarının müdafiəçisi kimi qəbul edənlər onun müxtəlif mərkəzlərin sifarişi ilə işlədiyini görərək bu təşkilatı maliyyələşdirməkdən kütləvi şəkildə imtina ediblər.

Hesabatda Azərbaycanın son illər əldə etdiyi çoxsaylı uğurlardan cəmi bir faktın belə qeyd olunmaması sənəd müəlliflərinin məhz bu cür sifariş yerinə yetirdiklərinin əyani göstəricisidir. Belə olmasaydı, hesabat boş “cızma-qara” xarekteri daşımaz, yalnız müxalif qəzetlərdə gedən yazıları kortəbii “sistemləşdirmək”dən ibarət olmazdı.

Özünü beynəlxalq hüquq-müdafiə təşkilatı adlandıran “Human Rights Watch” bölgədə ancaq Azərbaycanda seçkiöncəsi vəziyyəti “təftiş” edir, Cənubi Qafqaz regionunda insan hüquqlarının ən çox pozulduğu ölkə olan, hakim rejimə qarşı çıxanların güllə ilə öldürüldüyü Ermənistanda seçki və digər dövrlərdə analoji hesabatlar hazırlamır. Bu faktın özü onu göstərir ki, bu təşkilat müəyyən qrupların və şəxslərin ödənişli sifarişləri əsasında işləyir.

“Human Rights Watch”un İdarə Heyətində Vartan Qriqoryanın – erməni əsilli şəxsin təmsil olunması, görünür, təşkilatın Ermənistanla bağlı daim epizodik məqamlarla kifayətlənməsində, Azərbaycana qarşı isə müntəzəm olaraq bu cür əsassız və qərəzli mövqe tutmasında, haqqında qeyri-obyektiv, iftira dolu hesabatlar yaymasında həlledici rol oynayır.

Sənəddə Dağlıq Qarabağ münaqişəsi barədə faktlar da təhrif edilir, saxtalaşdırılır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin cəmi 7 il davam etdiyi göstərilir. Halbuki bu münaqişə bu gün də davam edir və müharibə hələ bitməyib. 1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini davamlı pozur, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslərə atəş açır. Məhz “Human Rights Watch”un nəzərdə almadığı illərdə cəbhə xəttinə yaxın ərazilərdə 9 yaşlı Fariz Bədəlov, 13 yaşlı Aygün Şahmalıyeva erməni snayperləri tərəfindən vurularaq öldürülüb.

Görəsən, nə üçün bu təşkilat adi insan hüquq və azadlıqlarından məhrum edilən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün barədə susur, onlarla bağlı bir dəfə də olsun dünya ictimaiyyətinə müraciət etmir?!”

Elnur Aslanov qeyd edib ki, hesabatda bəhs olunan Azərbaycanda “ermənifobiya” barədə iddialar xəstə təxəyyül, tamamilə cəfəngiyyatdır: “Hazırda Ermənistanda əsir və girovlarımızdan başqa bir nəfər də azərbaycanlı qalmadığı halda Azərbaycanda 30 mindən çox erməni əsilli şəxs yaşayır. Bundan başqa Azərbaycan dövləti Dağlıq Qarabağın erməni icmasını öz vətəndaşları hesab edir və post-konflikt dövründə Azərbaycan cəmiyyəti onlarla birgə yaşamağa davam edəcək. “Human Rights Watch” ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli, ikili standartlı hesabat açıqlayır. Bundan əvvəlki yalan və iftira xarakterli hesabatlar da Azərbaycan hakimiyyəti, ələxsus ölkə ictimaiyyəti tərəfindən sərt tənqidlərə məruz qalıb. Buna baxmayaraq “Human Rights Watch”un son hesabatda əvvəlki hesabatlara, oradakı saxtalaşdırılmış faktlara tez-tez istinadlar etməsi ölkə barədə süni şəkildə “qara statistika” formalaşdırmaq cəhdindən başqa bir şey deyil.

Azərbaycan hakimiyyəti bir daha bəyan edir ki, sifarişlə hazırlanan, qərəzli, böhtan xarakterli bu tip hesabatlar Azərbaycanın dünyada möhkəmlənən müsbət imicini zədələyə bilməz.

“Human Rights Watch”un ölkə barədə əsası olmayan, cəfəng xarakterli, qərəzli şəkildə mənfi rəy yaratma kampaniyası – qara “PR” aparması Azərbaycana seçkiöncəsi gələn beynəlxalq müşahidə missiyalarına təzyiq kimi qiymətləndirilməlidir. Biz “Human Rights Watch”u bu əməllərdən əl çəkməyə çağırırıq və bəyan edirik ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Əsassız olaraq bunun əvvəldən qeyri-mümkünlüyünü “elan” etmək, reallıqları təhrif etməklə bu təşkilatın müstəqil olmamasının, müxtəlif təşkilatların və şəxslərin əlində alət olması deməkdir”.