Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərdə işgüzar səfərdə olub

85
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə işgüzar səfərdə olub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Qətərin Daxili İşlər Nazirliyi tərəfindən təşkil edilmiş IV Mülki Müdafiə sərgi və konfransında iştirak olub.

 

Konfrasda iştirak edən Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti tədbir çərçivəsində təşkil edilmiş sərgidə mülki müdafiə avadanlıqları ilə yaxından tanış olub.

 

Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Qətərin baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl-Tani arasında görüş keçirilib.

 

Görüşdə hər iki ölkənin fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təcrübəsindən yararlanmaq perspektivləri müzakirə edilib.