“Azərişıq”dan dəhşətli yanğınla bağlı

“Respublika Narkoloji Mərkəzində yanğın “Azərişıq”a məxsus elektrik naqillərinə görə deyil, binanın daxilindəki elektrik xətləri səbəbindən baş verib”.

XALQ.AZ Publika-ya istinadən xəbər verir ki, bu barədə“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, “Azərişıq” sayağaca qədər olan elektrik naqillərində baş vermiş nasazlığa görə məsuliyyət daşıyır:

“Binanın daxilindəki elektrik xətlərinə nəzarət etmək “Azərişıq”ın səlahiyyətində deyil. Yanğın da məhz binanın daxilindəki elektrik xətlərində baş verən nasazlıqdan meydana gəlib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın baş verib.İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində 25 nəfər ölüb, 30 nəfər xilas edilib.

RƏSUL