Azay Quliyev: “Heydər Əliyev Azərbaycançılıq ideologiyasına yeni məzmun verdi”

XALQ.AZ xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şura sədri, deputat Azay Quliyev bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Ulu Öndər 1993-cü ilin iyununda Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, ölkəmizin dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi ulu tarixin səhifələrinə öz adını qızıl hərflərlə yazdı. Heydər Əliyev Azərbaycan dövlətinin milli ideyasını konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun verdi.

Azay Quliyev deyib ki, Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir: “Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi və Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi”.

Şura sədri vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyev başladığı böyük dövlət quruculuğunu İlham Əliyev kimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı mühüm xidmətlərindən danışıb. O bildirib ki,  Heydər Əliyev 15 ildir ki aramızda olmasa da, millətini, xalqını sevən, sağlam ruhlu hər bir azərbaycanlının qəlbində yaşayır. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinin ön sırasında onun 1993-cü ildə dövlətimizin xilas edilməsi missiyası durur: “Hər il qeyd etdiyimiz 15 iyun – Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcıdır. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Xalqımız bu xidməti hər zaman yüksək qiymətləndirir. Azərbaycan dövlətinin xilaskarlıq missiyası məhz Heydər Əliyevin adına yazılıb. Ümummilli Lider 1993-cü ildə azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətimizin gələcəyindən danışmaq mümkün olmazdı. Hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var. Ümummilli Liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də xalqımızın birliyinə nail olmasıdır. Onun hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə inkişaf başladı. Azərbaycanda bazar iqtisadiyyatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə deyirdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün Ulu Öndərimizin siyasi kursunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır”.
Konfransda Şuranın sifarişi ilə hazırlanmış ümummilli lider Heydər Əliyevə həsr olunan “Alilikdə sadəlik” adlı qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev və Azərbaycanının inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda geniş məruzə ilə çıxış edib.

Toplantıda QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Tamam Cəfərova və Mirhəsən Seyidov çıxış edərək Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi xidmətlərindən danışıblar.

Sonra ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Şuranın sifarişi ilə hazırlanmış sözləri və musiqisi İlahə İsrafilovaya məxsus “Sən dahisən” kompozisiyanın “Avanqard” Kamera orkestrinin, Azərbaycan Milli Konservatoriyasının Xor kollektivinin və müğənnilər-Azərbaycan Respublikasının Xalq artisti Heydər Anatollu, İlahə Qismət və Orxan Cəlilovun ifasında təqdimatı olub.

 

 

Elgün