“Azercell” abunəçilərə necə kələk gəlir”

Tənqidlərə, şikayətlərə baxmayaraq “Azercell” mobil operatorunun müştərilərini aldatması prosesi davam etməkdədir. Redaksiyamıza daxil olan növbəti şikayətlər balansdan əlavə məbləğlərin tutulması, eləcə də müştərilərə xəbərdarlıq olunmadan müxtəlif ödənişli kampaniyalara qoşmaqla bağlıdır.

050 329 16 33 nömrəli abonent tərəfindən redaksiyamıza daxil olan şikayət “Azercell” mobil operatorunun müştəriyə xəbərdarlıq etmədən onun balansından müəyyən məbləği silməsi ilə bağlıdır. Şikayətçinin sözlərinə görə, bu gün sözügedən nömrənin balansına 20 manat yükləsə də, nömrə sahibinə əlavə 4 manat borcun olması ilə bağlı xəbərdarlıq mesajı gəlib. Xəbərdarlıqdan sonra balansını 5 manat artıran abunəçi daha 50 manat borcunun olduğunu öyrənir. Məsələ ilə bağlı “Azercell” mobil operatoruna müraciət edən şikayətçiyə verilən cavab heç bir xəbərdarlıq edilmədən danışıq müddətinin limitsiz edilməsi və abunə nömrəsinin əlavə kampaniyalara qoşulması olub.

Nömrə sahibi ötən ilin dekabr ayında mobil operatora ərizə ilə müraciət edərək danışıq müddətinin 50 manat həcmində saxlanması istəyini bildirsə də, görünür “Azercell” abunəçinin istəyini nəzərə almamaqla yanaşı, ona əlavə “sürpriz” edərək ödənişli kampaniyalara da qoşub.

Belə şikayətlərin sırasını artırmaq da olar. Şikayətlərdən biri də “Azercell” mobil operatoruna məxsus data kartla bağlıdır. 2011-ci ildə 050 249 58 82 data nömrəsini hədiyyə verən mobil operator nömrədən istifadə olunmadığı halda, hədiyyə verdiyi şəxsi borclu sayaraq ondan Yasamal rayon Məhkəməsinə şikayət edərək borcun tutulması tələbini irəli sürüb. Məhkəmə də öz növbəsində bildiriş göndərmədən, xəbərdarlıq etmədən şikayətçiyə 62 manat məbləğində borc ödəməsi ilə bağlı qərara qəbul edir.

Maraqlıdır ki, abonentin xəbəri olmadan, bir dəfə də olsun bildiriş məktubu göndərilmədən məhkəmə qurulur və abonent cərimə olunur. Bütün bu hallar müştərilərinin haqlı narazılığına səbəb olur.

Məsələ ilə bağlı “Azercell” mobil operatoru ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı Samir adlı şəxs bizə bildirdi ki, bu cür məsələlərin nədən qaynaqlandığı ilk növbədə araşdırılmalıdır. O araşdırılmadan məsələ ilə bağlı hər hansı fikrin irəli sürülməyəcəyini qeyd etdi.

İnsanların başına “oyun açan” mobil operatorların belə hərəkətlərinə qarşı rəsmi şəkildə hər hansı inzibati cəza nəzərdə tutulurmu, sualına Nəqliyyat və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən cavab almağa çalışdıq. Qurumdan bildirdilər ki, mobil operatorlar özəl şirkət hesab olunduğuna görə, onlara hər hansı cəza tətbiq etmək mümkün deyil: “Şikayətlər nazirlikdə nəzərə alınaraq, mobil operatorlara sadəcə xəbərdarlıq edilə bilər”.

P.S. Maraqlı hesablama aparaq, 4 milyon abunəçisi olan “Azercell” hər müştərisindən ayda bir manat çırpışdırsa əldə edilən vəsaitin həcmi nə qədər olar?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir