Azercell-in hiyləsi

 

46

 

Azercell-in öz abonentlərinə qarşı növbəti fırıldağını yaşayası olduq. Şirkət hər dəfə müxtəlif bəhanələrlə müştərilərinin cibinə girməyi ustalıqla bacarır. Bu dəfə isə həm də əsəblərimizi yerindən oynatdı. Spam göndərir, sonra da… Şirkət abonentlərinə kütləvi olaraq spam mesajlar göndərir. Telefonun ayarlar bölməsindən servis mesajlarını deaktiv etdiyimiz halda, gün ərzində gələn mesajları dayandırmaq olmur. 8228-dən gələn həmin bezdirici mesajlar digər abonentlər kimi bizi də naharat edirdi. Məsələni həll etmək üçün zəng mərkəzi ilə əlaqə saxlayırıq. Telefona cavab verən xanım ənənəvi olaraq, şikayətin hansı nömrəyə aid olmasını soruşur. Bezdirici mesajların gəldiyi  nömrəni təqdim edirik. Zəng mərkəzinin əməkdaşı olan xanım bu mesajları deaktiv etmək üçün STOP sözünü yazıb filan nömrəyə göndərməli olduğumuzu bildirir. Onu da əlavə edir ki, 8228-dən gələn kampaniya mesajlarını deaktiv etmək üçün stop yazıb göndərdiyimiz mesajın müqabilində balansımızdan 5 qəpik çıxılacaq. İradlarımızı çatdırırıq: “Heç bir mobil şirkətin operatoru ilə əlaqə saxlamaq üçün balansdan 10 qəpik çıxılmır. Üstəlik, bizi narahat edən məsələ Azercel-in müxtəlif şirkətlərlə müqavilə bağlayıb əvəzində pul alıb abonentlərinə spam göndərməsi üzündən baş verir. Bu Azercell-in icazəsi ilə bizim istəyimiz xaricində baş verir və siz bu mesajları deaktiv etmək üçün balansımızdan yenə pul çıxırsınız. Üstəlik, nömrəmiz hər dəfə belə kampaniyalara daxil ediləndə “Azercell müştəri xidmətləri” ilə əlaqə saxlamaq məcburiyyətində qalırıq ki, bu da 10 qəpiyə başa gəlir”. Müştəri xidmətinin əməkdaşı 5 qəpik ödəməmək üçün bezdirici kampaniya mesajlarını göndərən şirkət ilə əlaqə saxlamağı məsləhət görür. Bir daha izah edirik ki, biz bu məsələyə nə pul, nə də vaxt itirmək istəyirik və özləri həll etsinlər. Müştəri xidmətindən zəngimizə cavab verən xanım iradları qəbul edərək şikayətimizi qeydə alır. Həmin telefon danışığı üzərindən 2 həftədən artıq vaxt keçsə də, problem tam olaraq həllini tapmayıb.