Bahar Muradova “Beynəlxalq ictimaiyyət qondarma rejimi qəbul etmir”

 

bahar

Bahar Muradova: “İndi biz mətbuatda Azərbaycanın bu və ya digər vəziyyətdə atacağı addımları açıq şəkildə müzakirə edə bilmərik”

ATƏT Parlament Assambleyasının (PA) son sessiyasında Ermənistanın işğalçılıq siyasətini ifşa edən Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvləri Füzuli rayonunun Alxanlı kəndində olub. Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev, həmçinin digər deputatlar – Tahir Mirkişili, Kamran Nəbizadə və Elşad Həsənov Ermənistan ordusunun cinayətlər törətdiyi kəndin sakinləri ilə görüşüblər. Görüşdən sonra nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya müraciət edib ondan müsahibə aldıq.
- Bahar xanım, ATƏT PA-nın sessiyasından sonra Alxanlı kəndində oldunuz. Düşmənlə üzbəüz kənddə nələr gördünüz, müşahidələriniz, düşüncələriniz nədən ibarətdir?
- Hadisə baş verəndən şəxsən mənim ürəyim burada idi. Əgər Bakıda olmuş olsaydım, birmənalı olaraq bölgəyə gedəcəkdim. Amma bilirsiniz ki, biz ATƏT PA-nın toplantısındaydıq. Bakıya qayıdandan sonra da qərarımız belə oldu ki, qurumdakı nümayəndə heyəti həmin tərkibdə hadisə yerinə gedək və sadə insanlarla ünsiyyətdə olaq. Parlamentin sədri cənab Oqtay Əsədovun da bölgəyə getməklə bağlı tapşırığına əsasən Alxanlıda olduq. Milli Məclisin məsələyə münasibəti, bu sahədə gördüyü işlər barədə də bölgə sakinlərinə məlumat verdik. Bilirsiniz həm bütün parlament nümayəndə heyətlərimiz vasitəsilə beynəlxalq, təşkilatların rəsmi orqanlarına eləcə də Milli Məclisin dostluq qrupları olaraq xarici həmkarlarına materiallar, şəkillər əlavə olunmaqla xüsusi məktublar ünvanlanır, onların da hazırkı vəziyyətlə bağlı münasibət bildirməsinin vacib olduğu vurğulanır. Üstəlik də millət vəkilləri mətbuatda, televiziyalarda fəal şəkildə bu məsələyə dair mövqelərini bildirirlər və dünya ictimaiyyətini insanlıq əleyhinə yönəlmiş bu vandalizm aktını, uşaqların, qadınların qətlə yetirilməsini pisləməyə çağırırlar.
- Təmas xəttində əhval-ruhiyyə necədir?
- Əsas budur ki, onlar dövlətin və Ali Baş Komandan başda olmaqla, Azərbaycan ordusunun himayəsində olduqlarına güvənirlər. Söylədiklərinə görə, hadisə baş verən andan 5 dəqiqə sonra onlar cənab prezidentin bu məsələyə müdaxiləsini hiss ediblər. İstər müvafiq dövlət qurumlarının səlahiyyətləri çərçivəsində olan, istər ordunun vasitəsilə, istərsə də beynəlxalq aləmdə bu məsələ ilə bağlı məlumatlandırmanın təşkili sahəsində atılan addımları yüksək dəyərləndirirlər. Həmçinin dövlətin, cəmiyyətin, xalqımızın bu məsələdə vahid mövqe sərgilədiyini qürurla vurğuladılar. Yəni ilk təəssürat bundan ibarətdir ki, insanlar baş vermiş bu hadisədən təşviş, qorxu hiss etməyiblər. Həmçinin işğalçının əsl məqsədinin də onları qorxutmaq olduğunu da yaxşı anlayırlar. Hər gün bölgəyə gələn ayrı-ayrı insanlara, xarici qonaqlara bölgədəki durumu çatdırmaqla səslərini dünyaya duyurmağa çalışırlar. Hesab edirəm ki, onların dilindən söylənilən həqiqətlər, onların münasibəti daha böyük təsir gücünə malikdir. Biz də mətbuat vasitəsilə, həmçinin onlarla ünsiyyətdə olan digər insanlar vasitəsilə bu həqiqətləri dünya arenasına çıxartmalıyıq. Bizim siyasilər olaraq fikirlərimiz öz yerində, amma Azərbaycan vətəndaşlarının, Zəhranın, Sahibə xanımın doğmalarının, bu ərazidə yaşayan insanların mövqeyini öyrənmək və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından belə səfərlərin vacib olduğunu vurğulamaq istəyirəm.


- Siz ATƏT-dəki nümayəndə heyətimizin rəhbəri, Azay Quliyev isə ATƏT PA sədr müavinidir. Bu səfərdən sonra Alxanlı qətliamı ilə bağlı beynəlxalq təşkilatlara müraciətiniz olacaqmı?
- Məlumat üçün demək istəyirəm ki, Minskdən qayıdan kimi, ATƏT PA sədrinə müvafiq rəsmi məktub artıq ünvanlanıb. Amma əlbəttə, yerdə olduqdan, itkilərə məruz qalmış ailənin nümayəndələri, kənd əhalisi, yas mərasimində iştirak edən bölgə sakinləri ilə görüşümüzdə səsləndirilən fikir və münasibətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində addımlar atacağıq. ATƏT PA-da təmsil olunan ölkələrin nümayəndə heyətlərinə müvafiq məktublar ünvanlayacaq, həm mətbuat, həm də diplomatik poçt vasitəsilə mövqelərimizi onlara çatdıracağıq.
- Bahar xanım, ölkə prezidenti hökumətin son toplantısında Qarabağla bağlı bir sıra vacib mesajlarını səsləndirdi, Ermənistana və ona havadarlıq edənlərə Azərbaycanın prinsipial mövqeyini ünvanladı. Bundan sonra rəsmi Bakının mövqeyinin necə olacağı qənaətindəsiniz? Danışıqlar baş tutacaqsa, hansı tərəf diktə edəcək?
- Cənab prezident axı, çıxışında həm də onu vurğuladı ki, Ermənistan heç bir şərt olmadan bütün beynəlxalq ictimaiyyətin təzyiqi və Azərbaycanın apardığı məqsədyönlü məlumatlandırma işinin nəticəsində danışıqlar masasına qayıdıb. Bilirsiniz ki, bu müddət ərzində o, müqavimət göstərirdi, cürbəcür bəhanələrlə boyun qaçırırdı. Danışıqlar masasında əlbəttə ki, Azərbaycanın mövqeyi getdikcə daha artıq güclənməkdədir. Çünki beynəlxalq ictimaiyyət, xüsusilə humanitar hüquqların qorunmasını vacib hesab edən hissə belə bir aktın təkcə azərbaycanlılara və bölgə əhalisinə yönəlmiş olduğunu düşünmürlər. Onlar bunun bütövlükdə insanlığa və humanitar dəyərlərə sığmayan bir addım olduğunu təsdiqləyirlər. Emənistanın təcavüzkar siyasətinin mahiyyətini açırlar, onları qətiyyətlə pisləyirlər, qəzəb və hiddətlərini bildirirlər, hətta bir çoxları işğalçıya sanksiya tələb edilməsini, təcavüzkarın cilovlanmasının vacibliyini vurğulayır və buna çağırış edirlər. Ermənistan isə bu kimi hərəkətlərdən hansısa bir “fayda” güdürdüsə, əksinə, özünü daha ağır bir duruma saldığını anlamaqdadır. Çünki heç bir normal siyasətçi, ölkə rəhbəri başqa ölkənin ərazisini tutmaq baxımından beynəlxalq hüququn prinsiplərini pozmuş olsa belə, amma mülki vətəndaşlara, dinc insanlara, xüsusilə azyaşlı qız uşaqlarına qarşı törədilən belə cinayətlərə müəlliflik etmək istəməz. Bunu edənlər də mütləq dünya ictimaiyyətinin ağır qınaq və qəzəbinə tuş gəlirlər. Bunu Ermənistan hazırda üzərində hiss etməkdədir. Bu da əlbəttə ki, bizim mövqeyimizi möhkəmləndirir, həm danışıqlar prosesində, həm də ümumiyyətlə. Cənab prezident vurğuladı ki, baş verən hadisənin cavabı Ermənistana artıq verilib. Və əgər belə davam edəcəksə, Azərbaycan bütün imkanlarını işə salacaq. Bu imkanların işə salınması perspektivi indidən Ermənistanı və onun havadarlarını düşündürməkdədir. Çünki cənab prezidentin söylədikləri ilə atdığı addımların hər zaman üst-üstə düşdüyünə təkcə biz yox, bütün dünya şahiddir. Ona görə də Ermənistan bundan ciddi və təsirli nəticələr çıxartmalıdır.


- Beynəlxalq aləm Ermənistan rəhbərliyinin uşaq və qadın qatili olduğuna, işğalçının bu üsulla Cocuq Mərcanlıya mülki əhalinin qayıdışının qarşısını almaq istədiyinə şahidlik etdi. Ermənistanın danışıqlar masasına qayıtması indiki halda onların sarsıdıcı zərbələrdən xilası üçün çıxış yoludur. Amma eyni zamanda separatçı rejim 19 iyulda Qarabağda növbəti “seçki” şousu keçirməyə hazırlaşır. Sizcə, bunun cavabı necə olmalıdır?
- Siz bilirsiniz ki, onların indiyə qədər keçirdiyi seçkilər, Dağlıq Qarabağın “müstəqilliyi”ni elan etmək üçün atılan addımlar, “referendum”lar dünya ictimaiyyəti tərəfindən qəbul olunmayıb. Beynəlxalq ictimaiyyət qondarma rejimin keçirdiyi hər hansı belə kampaniyaları tanımayıb, onun nəticələrini qəbul etməyib. Azərbaycanın bütün bunların Helsinki yekun aktı prinsiplərinin Ermənistan tərəfindən pozulması kimi dəyərləndirilməsi barədə sərt mövqeyi isə hər zaman olub, indi də belə olacaq. Bu, bir oyuncaq rejimin baş qatmaq və özünün “legitimliyini” dünyaya qəbul etdirmək istiqamətində növbəti bir uğursuz cəhdidir. Azərbaycan heç zaman öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bir qarış torpağının da masa üzərində danışıqlar və müzakirə predmeti olmasına razılaşmayacaq.
- Ermənistan XİN başçısı bir müddət əvvəl Qarabağa qanunuz səfəri zamanı iddia etmişdi ki, ilin sonuna qədər bir dövlət Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacaq. Eyni zamanda sonuncu “seçki” cəhdi onu göstərir ki, İrəvan Azərbaycandan çəkinsə də, hansısa dairələrin təhriki ilə təxribatçı niyyətlərini davam etdirməkdə israrlıdır. Belə fikirlər var ki, erməni ordusu ən azı ilkin mərhələdə əhalinin təhlükəsizliyi üçün 10-15 km geri çəkilməsi halında danışıqların davam etdirilməsi qərarı verilə bilər. Siz necə hesab edirsiniz, bəlkə İrəvanın mövqeyinin qarşılığında daha sərt addımların atılması fayda verərdi?
- İndi biz mətbuatda Azərbaycanın bu və ya digər vəziyyətdə atacağı addımları açıq şəkildə müzakirə edə bilmərik. Amma birmənalı şəkildə hər kəs bilməlidir ki, bayaq söylədiyim kimi, Azərbaycan heç vəchlə buna razı olmayacaq. Hesab edirəm ki, qarşı tərəfin hər hansı hərəkətinə Azərbaycanın cavabı adekvat olacaq.
- Demək olarmı ki, Ermənistan ordusu faktiki olaraq İŞİD-in rolunu oynadı…
- Əlbəttə. Birmənalı şəkildə. Biz millət vəkilləri ilə həm də ərazini gəzdik. Alxanlı kəndi təmas xəttinə ən yaxın kənddir. Ərazini həm biz, həm də onlar yaxşı bilirlər. Ona görə də bu hadisənin təsadüf olmadığı aydın həqiqətdir. Onlar məqsədli şəkildə mülki əhali yaşayan hissəyə bu mərmini atıblar ki, əhalinin gözünü qorxutsunlar, insanları buradan perikdirsinlər. Təmas xəttinin bu tərəfində onların əl-qolunu bağlayan mülki əhali olmasın ki, onlar digər hərbi məqsədlərini həyata keçirmək və Azərbaycanın içərilərinə doğru irəliləmək, özlərinin “təhlükəsiz bufer zonası” adlandırdıqları ərazini rahat şəkildə genişləndirsinlər. Məqsəd bundan ibarətdir. Yoxsa onlar çox dəqiq bilirlər ki, hərbi atəş nöqtələri haradadır, mülki əhali harada yaşayır. Amma onlar unudurlar ki, Azərbaycan vətəndaşları daha 1992-93-cü illərdəki kimi deyil və Azərbaycan dövləti də həmin dövlət deyil. Çünki hər bir Azərbaycan vətəndaşı təmas xəttində bir əsgər kimi dayanır və o, son damla qanına qədər öz torpağını ya qoruyacaq, ya həlak olacaq. Ermənistan bunu bilməlidir. Bunu Zəhra dramı açıq şəkildə ortaya qoydu…
Bu gün təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif ölkələrində buna bənzər hadisələr baş verir. Dünyamızın təhlükəsizliyi, insanlara rahat yaşam şəraiti yaratmaq üçün bütün dünyada səylər birləşdirilməli və belə addımlar qətiyyətlə pislənməli, beynəlxalq hüququn, Helsinki Yekun Aktının prinsipləri, insanlıq üstün götürülməlidir. Ona görə mən Zəhranın ailəsinə, onun yaxınlarına və doğmalarına Allahdan səbr diləyərək bir daha belə hadisənin baş verməməsini arzulayıram.

Musavat.com

Elşad Paşasoy

Scroll to top