Bakı lift təmir idarəsinin “maliyyə əməliyyatı”

 

 

12

İstehsalat Birliyində qaranlıq maliyyə əməliyyatları mövcuddur

Hər il ayrı-ayrı tikinti şirkətləri tərəfindən paytaxtda yeni yaşayış binaları, göydələnlər tikilsə də, hələlik Bakıda sovet dövründə tikilən binalar üstünlük təşkil edir. SSRİ dövründə sonuncu dəfə inşa edilən binaların tikintisindən 24 il ötdüyündən əsasən 9 mərtəbəli yaşayış binaları illər ötdükcə köhnəlir və müəyyən problemlər ortaya çıxır. Uzun illərdir istismrar edilən yaşayış evlərində problemsiz ötüşmək olmaz. Amma həmin binaların sakinləri üçün nəzərdə tutulmuş liftlər istisnalıq təşkil edir. Ən azı ona görə ki, hər il büdcədən «Bakı Lift-Təmir» İstehsalat Birliyinə on minlərlə manat vəsait ayrılır.

Amma bütün bunlara baxmayaraq demək olar, hər gün liftlə bağlı şikayətlər edilir. Təəssüf ki, paytaxtın yaşayış binalarının bəzilərindəki liftlərin istismar müddətlərini başa vurmaları ilə əlaqədar tez-tez sakinlərin liftdə qalmaları və ya qaldırıcı qurğunun nasazlığı üzündən şaxtaya düşməsi kimi daha təhlükəli hallarla qarşılaşmaları adi hala çevrilib. Halbuki şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan pulların aqibəti qaranlıqdır. Hələ üstəlik ölkə başçısının bir neçə il əvvəl imzaladığı sərəncamla şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrıldı. Bəzi binalar həmin vəsaitlə yeni liftlərlə təmin olunsalar da, əksər binaların liftlərində heç bir dəyişiklik edilməyib. Bütün bunlar bir yana, bəzi yerlərdə vəziyyət get-gedə daha da ağırlaşıb. Ölkə prezidentinin imzaladığı sərancamla liftlərin təmirinə 10 milyon vəsaitin ayrılmasına baxmayaraq, əhalinin lift problemi getdikcə daha da böyüməkdədir. Belə xoşagəlməz hallara əsasən paytaxtın ayrı-ayrı rayonlarında tez-tez rast gəlinir. Yeri gəlmişkən, qeyd edək ki, son vaxtlar əhalinin ən çox qarşılaşdığı problemlər kommunal ödənişlərlə bağlı olur. Sadaladığımız qəbildən əsas məsələ lift problemidir. Kimi liftlərin işləməməsindən, kimi də lift pulunun vaxtlı-vaxtsız qiymət dəyərindən artıq yığılmasından giley-güzar edir. Nəzərinizə çatdıraq ki, hazırda paytaxtda 35 ildən artıq istismarda olan liftlər var. Qeyd edək ki, FHN-in aidiyyəti qurumu da, istismara yararsız liftlərin istifadəsini qadağan edir. Lakin bütün bunlara baxmayaraq, paytaxtda mövcud olan 5000-dən artıq liftin bir çoxu yararsız vəziyyətdədir. Ayrı-ayrı binalardakı liftlər hələ də nasaz vəziyyətdədir. Köhnə liftlərin yük qutusunu qaldıran «tross» istismar müddətini başa vurduğundan hər an qırıla, bu isə insan tələfatına səbəb ola bilər.

Bu vəziyyətdən isə ən çox əziyyət çəkən yaşlılar və uşaqlardır. Təəssüf ki, büdcədən ayrılan milyonlara baxmayaraq, «Bakı Lift-Təmir» İstehsalat Birliyi qəsəbələrdəki lift problemini həll etmir. Hətta bəzi yerlərdə liftlər xarab olduqda vətəndaşlar onu öz vəsaitləri hesabına təmir edirlər. Bir çox hallarda liftlərin təmirinin pulunu sakinlər özləri verirlər. Halbuki bu, yerli lift idarəsinin hesabına edilməlidir. Belə olan halda isə sual ortaya çıxır: – büdcədən liftlərin təmiri üçün ayrılan vəsait hara gedir? Ümumiyyətlə, «Bakı Lift-Təmir» İstehsalat Birliyinə ayrılan milyonlar hara xərclənir? Hesab edirik aidiyyəti strukturlar həmin quruma büdcədən verilən külli miqdarda ayrılan vəsaitlərin qaranlıq taleyinə aydınlıq gətirsəydilər yaxşı olardı. Təbii ki, əgər istəyirlərsə.