Bakıda 10-cu sinif şagirdi qətlə yetirilib

Bicaq

Ötən gecə Bakının Binəqədi rayonunda, Binəqədi yolu, döngə 8 ünvanında 10-cu sinif şagirdi Abullayev Mobil Mehman oğlu naməlum şəraitdə bıçaqlanıb. Hadisəni törədənlər bıçağı da götürərək ərazidən qaçıblar. Mobilin köməyinə isə elə ərazidə yaşayan sakinlər çatıb. Yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Niyaz Məmmədov yaralı Mobil Abdullayevi öz maşını ilə xəstəxanaya aparıb.
Ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına aparılan yaralı çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.

Mərhumun qohumlarının sözlərinə görə hadisədən əvvəl mərhum evdə olub. Lakin telefonuna gələn zəngdən sonra bayıra çıxıb.

Son vaxtlar məktəblilər arasında düşən dava məhz bıçaqlanma və ya intihar hadisəsi ilə bitir. Mübahisəyə isə müxtəlif predmetlər səbəb olur. Məsələn, kimi-kiminin sevgilisnə sataşır, kimi məktəbdə sinif yoldaşları arasında loru dillə desək qanuni oğru adı almaq üçün bu cür əməlləri törədir. Elə ötən günlərdə paytaxtın Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbdə təhsil alan iki sinif yoldaşı, yəni Rəsul Nəzərovla Samuray Hümbətzadə arasında da mübahisə düşmüşdü. Nəticədə 9-cu sinif şagirdləri elə sözügedən məktəbin sinif otağında dava etmişdilər. Sonuncu sinif yoldaşına döş qəfəsindən bıçaqla xəsarət yetirmişdi. Ancaq nəzərə alsaq ki, bu iki sinif yoldaşı əvvələr yaxın dost münasibətində olub, deməli Samuray öz gücünü elə dostunun üzərində göstərmək istəyib. Bu cür halların artması səbəbləri isə müxtəlifdir. Sosioloqların dediyinə görə belə halların qarşısını almaq üçün məktəblərdə şagirdlərə nəzarət üçün psixoloq və sosiloqlardan ibarət qrup yaradılmalıdır. Bu qrupda şagirdlər arasında münasibətləri nəzarətdə saxlamalıdır.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, məktəblərdə düşən mübahisə kollektiv şəkildə, yəni valideyn və müəllimlərlə birlikdə həll olunmalıdır. Əgər təhsil müddətini əla qiymətlərlə başa vuran şagird digər problem yaradan şagirdlə mübahisə edirsə, burda məktəb rəhbərliyinin razılığı ilə şagirdlər digər məktəblərə köçürülə bilər.

Şagirdlər arasında mübahisə əsasən yeniyetmə vaxtlarında başlayır ki, həmin dövr də yeniyetmə psixologiyasının inkişafı mərhələsinə təsadüf edir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə şagirdlər arasında düşən mübahisə birbaşa məktəblərdə psixoloqların fəaliyyətsizliyindən irəli gəlir.Yəni şagird məktəbdə ölümlə nəticələn mübahisə edirsə, bu, birbaşa məktəb rəhbərliyi və valideyn məsuliyyətsizliyindən irəli gəlir. Psixoloq Elnur Rüstəmov onu da bildirdi ki, bu cür halların qarşısı yalnız ölkədə xüsusi məktəblər yaradılmaqla alına bilər. Həmin şagirdlərin də orda təlim – tərbiyyə alması nəzərdə tutulmalıdır. Nəzərə alsaq ki, məktəb bir elm ocağıdır, həmin ocaqda isə yalnız elm öyrənib savada yiyələnirsən, deməli bu savad da insanı bıçaqla sinif yoldaşına zərər yetirib özünü məktəbdə dırnaqarası qanuni alim saymaqdan çəkindirməlidir.