Bakıda Azərbaycan və İranın Sərhəd Qoşunlarının komandanları arasında görüş keçirilib

050

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-leytenant Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı general-leytenant Hüseyn Zülfüqarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və İran dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində mövcud vəziyyət və onun inkişaf tendensiyaları, həmçinin əvvəlki görüşlərdə imzalanmış sənədlərin icra vəziyyəti barəsində fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı dövlət sərhədindən qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər transsərhəd cinayətkarlıq fəaliyyətlər ilə mübarizə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrindən Azərbaycan və İran vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi vacibliyi vurğulanıb.

Tərəflər qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər.