Bakıda beynəlxalq forum işinə başladı

Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.

Konfransda çıxış edən Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli deyib ki, konfransın Bakıda keçirilməsi səhiyyənin inkişafına böyük töhfə verəcək.

Assosiasiya haqqında məlumat verən N.Səfərli xatırladıb ki, Azərbaycan Tibb Assosiasiyası 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: “Yarandığı vaxtdan etibarən Assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qurumun əsas məqsədləri həkimlərin hüquq və maraqlarının qorunması, həkimlərin təkmilləşdirilməsi və əhalinin tibbi maarifdirilməsidir”.Assosiasiya sədri qeyd edib ki, konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri ideya və təcrübələri ilə bölüşəcəklər.

Sonra çıxış edən Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner tədbirin Bakıda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edib. O bildirib ki, konfransda müzakirə olunacaq beynəlxalq reformlar və qazanılan təcrübələrə bağlı mövzular həm Avropa ölkələri, həm də Azərbaycan səhiyyəsi üçün vacibdir.

Milli Məclisin deputatı, Azərbaycan Tibb Assosiasiyanın idarə heyətinin sədri Rəşad Mahmudov qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyanın bu gün bir araya gəlməsi səhiyyə və təbabətin qlobal problemlərinin həlli yollarını və inkişaf strategiyalarını müzakirəsi çox mühüm tarixi hadisədir. Onun sözlərinə görə, Avropa səhiyyəsinin və təbabətinin hazırki təcrübəsinin bu mühüm tədbirdə səsləndirməsi hər bir iştirak edən ölkə üçün çox vacibdir: “Hesab edirəm ki, səhiyyə sistemində davamlı inkişafın təmin olunmasında gələcək islahatların həyata keçirilməsində əsasən ölkəmiz üçün aktual bu mövzular ətrafında dinlənilən beynəlxalq ekspertlərin tövsiyələrindən və inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmalıyıq”.

R.Mahmudov qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan İcbari Tibbi Sığortanın tətbiqi həmişə dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyev səhiyyə sahəsində islahatları uğurla davam etdirir. Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsində ev sahibliyi edir. Səhiyyə sahəsində də bu cür tədbirlərin həyata keçirilməsi çox önəmlidir və gələcəkdə respublikamızın səhiyyə sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsini arzu edirik”.

Sonda iştirak dünyada anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan “Ürəklər susmasın” adlı qısametrajlı sosial çarx nümayiş olunub.

 

 

 

Orxan