Bakıda beynəlxalq turnir keçirildi

03

 

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnir keçirilmişdir

 

Sentyabrın 22-də Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnir keçirilmişdir.
Xalq.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Milli Məclisin deputatı Eldar İbrahimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, respublikamızın artıq bir idman dövlətini çevrildiyini vurğulamışlar.
Rəsmi hissə başa çatdıqdan sonra Türkiyədən dəvət olunmuş məşhur müğənnilər konsert proqramı ilə çıxış etmişlər.
Yarışı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da izləmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Azərbaycan idmançıları Eduard Məmmədov (63 kq) Yaqub Bersanukayevə (Rusiya), Elnur Dəryagir (63 kq) Semir Deliçə (Bosniya və Herseqovina), Turan Qafarov (67 kq) Aleks Vayta (ABŞ), Araz Pirməmmədov (71 kq) Fabiano Antonio da Silvaya (Braziliya), Ramal Aslanov (71 kq) Vitali Farxutdinova (Ukrayna), Pərviz Abdullayev (73 kq) Konstantin Pasniçusa (Rumıniya), Anar Məmmədov (91 kq) Mesud selimoviçə (Bosniya və Herseqovina), Ağalar Sadıxzadə (91 kq) Timur Bekturganova (Qazaxıstan) və Zamiq Atakişiyev (91 kq) isə Qalimjan Utegenova (Qazaxıstan) qalib gəlmişlər.
Günün ən gözlənilən görüşü 91 kiloqramdan yuxarı çəki dərəcəsində milli komandamızın üzvü Zabit Səmədov və serbiyalı Droqan Yavanoviç arasında keçirilmişdir. Hər üç raundda rəqibindən üstün olan Z.Səmədov görüşünü qələbə ilə başa çatdırmışdır.
Milli komandamızın üzvlərindən T.Qafarov, R.Aslanov və A.Sadıxzadə görüşlərini nokautla başa vurmuşlar.
Kikboksinqçilərimizdən yalnız 84 kiloqram çəki dərəcəsində mübarizə aparmış Xəyal Əhmədov hollandiyalı idmançı Niels Vilminkə məğlub olmuşdur.
Qaliblərə kubok və xatirə hədiyyələri təqdim olunmuşdur.