Bakıda keçirilən Avropa çempionatı başa çatdı

Idman

Bakıda keçirilən bədii gimnastika üzrə 30-cu Avropa çempionatı başa çatdı. XALQ.AZ-ın məlumatına görə, bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.

Qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra komandaların gimnastları çıxış ediblər. Onlar rəngarəng və yaddaqalan şou təqdim ediblər. Çıxışlar həm fərdi, həm də komanda şəklində olub.

Qala-konsertdən sonra Azərbaycan Gimnastika İttifaqının bayrağının Azərbaycan tərəfindən növbəti Avropa çempionatının keçiriləcəyi Belarusa təqdim edilməsi mərasimi olub. Sonda Tünzalə Ağayevanın ifasında mahnı səsləndirilib.

Bədii gimnastika üzrə Avropa çempionatının bağlanış mərasimində Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Belarus nümayəndə heyətinə təqdim olunub.

Növbəti Avropa Çempionatının aprelin 29-dan mayın 3-dək Minskdə keçiriləcəyinə işarə edən bayraq Belarus Gimnastika Assosiasiyasının prezidenti Vladimir Karpoviçə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tərəfindən təqdim olunub.

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley – 30-cu Avropa çempionatı iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında start götürüb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə 33 ölkədən 258 idmançı iştirak edib. Onlar 9 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar.