Bakıda residivist 7-cı dəfə məhkum olunacaq (VİDEO)

6 dəfə məhkumluq həyatı yaşamış Vyaçeslav Şapovatovu polis yenidən saxlayıb.
ANS TV-nin məlumatina görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları bu dəfə onu qanunsuz odlu silah saxlamağa və satmağa cəhd etdiyinə görə ifşa edib. Şübhəli şəxs Nizami rayonunun, Keşlə qəsəbəsində saxlanılıb. Ötən il azadlığa buraxılan Bakı sakini ömrünün 37 il 9 ay 11 gününü həbsdə keçirib.

Saxlanılan şəxs həbsxanaya qayıtmağı özü istəyir. Onun deməsinə görə, onun üçün azad həyatda yaşamaq çətindir.

İdarənin müstəntiqi Əkbər Şəmşirli bildirdi ki, Keşlə qəsəbəsində həbs olunan şəxs silahı satmaq istəyərkən əməliyyatçılar tərəfindən tutulub. Onun üzərindən “AKM” markalı avtomatdan başqa, iki ədəd güllə darağı və narkotik maddə olan marixuana aşkar edilib.

Residivist adını qazanan Şapatov 7-cı dəfə məhkum olunacaq. Saxlanılan 53 yaşlı şəxs ilk dəfə 17 yaşında həbs olunub.