Balakən rayonu haqqında Prezident İlham Əliyevin sərəncamı

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Balakən rayonunda da uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlər tikilmiş, emal və istehsal müəssisələri yaradılmış, abadlıq-quruculuq işləri görülmüşdür.

Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Balakən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2013-cü il.