Bandotdel xüsusi əməliyyat keçirdi-İş adamından 50 min tələb olunurdu

Məhşur energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbərinə hədə-qorxu
gələrək ondan pul tələb edən şəxslər polislər tərəfindən saxlanılıb

XALQ.AZ məlumat verir ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin məhsulları barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacaqları və həmin biznes strukturlarını ictimaiyyət arasında nüfuzdan salacaqları adı altında hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məhşur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istelsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib. Həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir