Baş polis idarəsində müşavirə keçirildi

 

02

 

Oktyabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin doqquz ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Xalq.az AzərTAc-a istinadən xəbər verirki ,  müşavirədə çıxış edən idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi cari ilin üçüncü rübündə də uğurla davam etdirilmiş, ölkədə insan hüquq və azadlıqlarının aliliyi prinsipinin bərqərar olunması təmin edilmişdir. Bütün bu və ya digər uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində Azərbaycanın daxili işlər orqanlarının üzərinə qoyulmuş vəzifələr yerinə yetirilmiş, bu istiqamətdə paytaxt polisi də fəal çalışmış, öz vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir.
Müşavirədə idarənin rəis müavini, polis general mayoru Elxan Həsənov geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, görülmüş işlərin nəticəsi olaraq cari ilin doqquz ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Hesabat dövründə Bakı şəhərində DİN və prokurorluq üzrə ümumən 7467 cinayət qeydə alınmış, onların 6181-i və ya 82,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3 faizi isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur.
Ümumi cinayətlərin 74,4 faizinin, ağır növ cinayətlərin 77,7 faizinin, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin 60,2 faizinin açılması təmin olunmuşdur.
Otuz soyğunçuluq və quldurluq cinayəti törətmiş 79 nəfərdən ibarət 28 qrup, eləcə də 163 şəxsi əmlak oğurluğu cinayəti törətmiş 218 nəfərdən ibarət 84 qrup ifşa edilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş cinayətlər 5,3 faizi artmış, qanunsuz dövriyyədən 185 kiloqram 850 qram (ötən il 152 kiloqram 433 qram) narkotik vasitə çıxarılmışdır.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmışdır. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən üç aksiyanın qarşısı alınmış, şəhər miqyasında keçirilən 48 kütləvi tədbirdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 46 tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunmuşdur.İstintaq işlərinin və təhqiqatların aparılması, yol təhlükəsizliyinin təmin olunması, vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, əhalidən gələn şikayətlərin, məktubların öyrənilməsi, onların qəbulunun keçirilməsi, habelə Bakı şəhərinin polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müvafiq işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir.Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə danışmış, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər.Əməliyyat müşavirəsinə yekun vuran BŞBPİ-nin rəisi Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Baş idarənin rəisi ölkə rəhbərliyini və daxili işlər naziri Ramil Usubovu əmin etmişdir ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, qanunçuluğun etibarlı qorunması, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri və verilən göstərişləri qətiyyətlə yerinə yetirəcəkdir.