Ötən il 7 prokuror vəzifədən azad edilib 3-çü isə işdən azad olunub

“2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun  müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına  mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb”.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Baş prokuror Zakir QaralovBaş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

O qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində  müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

Qeyd edilib ki,  ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Baş Prokurorluğun əlaqədar  struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması  məsələlərində  prinsipiallığın  artırılması tələb edilib.

Rəsul