BDU-da Mir Cəlal Paşayevin 110 illiyi ilə bağlı tədbir keçirilib

Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyəti iştirak edib.

XALQ.AZ xəbər verir ki, plenar iclası açıq elan edən rektor, akademik Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Rektor Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb, Bakı Dövlət Universitetinin tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Akademik Abel Məhərrəmov 1936-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində çalışan Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminin qızıl nüsxələri olmasından, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıb.  Mir Cəlal Paşayevin nəcib insani keyfiyyətlərini, ailəsinə, övladlarına bağlılığını qeyd edən rektor alimin  dillər əzbəri olan “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” kəlamını xatırladıb.

Çıxış edən  Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov  Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin  böyük təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.

Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş etdirilib.

“Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edib. Daha sonra millət vəkili, akademik Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar.

Sonda alimin ailəsi adından oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə rektor, akademik Abel Məhərrəmova, o cümlədən əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir