Benzin və dizel bahalaşır?

Son günlər dünyada baş verən hadisələrin fonunda dollar, neft və neft məhsullarının qiymətində artım müşahidə edilir. Ötən gün Türkiyədə benzin və dizel yanacağının qiyməti qalxıb.

Son olaraq baş verən hadisələr yerli iqtisadiyyata necə təsir edəcək? Azərbaycanda da benzin və dizelin qiymətinin artması gözləniləndirmi?

XALQ.AZ bildirir ki, sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycandan fərqli olaraq Türkyədə benzin və dizelin qiymətinin artması gözlənilən idi:

“Türkiyə benzin və dizel yanacağı idxalından tam asılı olan bir ölkədir. Dünyada neftin qiymətinin qalxması neft məhsulları qiymətinin artmasına kəskin təsir göstərir. Bununla yanaşı biz lirənin də kəskin ucuzlaşmasını görürük. Artıq 1 dollar 4 lirə yarımdan artıqdır”.

İqtisadçının sözlərinə görə Azərbaycanda isə bənzər qərar Tarif Şurası tərəfindən verilə bilər:

“Azərbaycanda isə bu sahədə dövlətin tam nəzarəti var. Bu səbəbdən də yaxın gələcəkdə Azərbaycanda bununla bağlı addımların atılacağını düşünmürəm. Ötən il benzinin qiyməti qalxsa da, dizelin qiyməti sabit qaldı. Hazırda dizel yanacağı ilə “91 markalı” benzinin qiymətində kəskin fərq yaranıb. Azərbaycanda neftayırma zavodları da dizel yanacağının istehsalında maraqlı deyillər. Rəsmi rəqəmlərə görə ötən illə müqayisədə dizel yanacağının istehsalında təxminən 20 faizədək azalma var. Bu mənada deyə bilərik ki, gələcəkdə dizel yanacağının qiyməti arta bilər. Hökumət Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti qalxa bilər. Lakin bunun yaxın zamanda baş verəcəyini demək mümkünsüzdür”.