Beylaqanda su üsyanı

 

6

 

Rayonun suvarma sistemləri idarəsinin rəisi Ələmşad Məmmədquliyev camaatın problemilə maraqlanmır

Sakinlərin bəziləri “kaçalka” qurğusu ilə yerdən su çıxarıb vedrə ilə əkinlərini sulamağa çalışırlar

Hazırda Beylaqan  rayonunun bir sıra kəndlərində əkin sahələrinin suvarılması və içməli su ilə bağlı ciddi problemlər yaşanır. Bu barədə redaksiyaya müraciət edən rayon sakinlərinin sözlərinə görə, kəndlərdə nəinki su problemi yaşanır, hətta Beylaqan  Suvarma Sistemləri İdarəsinin balansında olan bir sıra texnika da məhz əhalinin öz hesabına təmir olunub.

XALQ.AZ-a rayon camaatının bildirdiyinə görə, Beylaqan  Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşad Məmmədquliyev işinin öhdəsindən lazımınca gələ bilmir və məhz elə bu səbəbdən də əkin sahələrini suvarmaq bir yana, heç mal-qara da içməyə su tapmır: “Rayonun mərkəzində də eyni acınacaqlı vəziyyət yaşanmaqdadır. Belə ki, yüzlərlə ailənin istifadəsində olan subartezian quyusu aylardır işləmir. Yeganə ümid yeri olan arxlarda isə su görmək mümkün deyil. Cavabdeh şəxslər problemdən çıxış yolunu axtarmaqdansa ööz gəlirlərini artırmaqla məşquldurlar. Məsələ ilə bağlı rayon camaatı olaraq dəfələrlə rəisə müraciət etsək də, o problemin həllində maraqlı görünmür. Əhali uzun müddətdir ki, su sarıdan əziyyət çəksə də, bu, Beylaqan  Suvarma Sistemləri İdarəsinin rəisini narahat etmir”. Şikayətçilər qeyd edirlər ki, əvvəllər suya olan ehtiyaclarını ərazidə mövcud olan subartezian quyuların hesabına ödəyirdilər. Lakin bir müddət sonra artezian quyularının çoxu xarab olduğundan əhali onlardan yararlana bilmir: “Beləcə, bu gün Beylaqan  sakinləri antisanitar vəziyyətdə olan arxların ümidinə qalıb. Ancaq bir neçə aydır ki, həmin arxlara da su gəlmir. Bu səbəbdən də əhali suya olan ehtiyaclarını ödəmək üçün, əlavə xərc çəkməli olur. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan Beylaqan  camaatı su olmadığından gəlirlərindən məhrum olublar”. Əhalini narahat edən digər məsələ isə cavabdeh şəxslərin, əsasən də Beylaqan  Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşad Məmmədquliyevin problemə göz yummasıdır. Sakinlər bildirirlər ki, dəfələrlə yerli icra strukturlarına müraciət olunsa da, hələ ki, onlara yardım edən olmayıb: “Beylaqan  Suvarma Sistemləri İdarəsindən əhaliyə bildirilib ki, problem  həll olunacaq lakin bu vəd olaraq qalır.  Beylaqan  Suvarma Sistemləri İdarəsindən “gözləyin, yağış yağar, əkininiz sulanar” deyərək problemi əyləncə mövzusuna çevirirlər”. Bu isti yay günlərində yağış yağması möcüzə olardı.

Şikayətçilər iddia edirlər ki, bu günədək ən azı 3 dəfə suvarılmalı olan sahələrinə bir dəfə də su dəyməyib: “Dövlət kənd təsərrüfatının inkişafına dəstək olmaq məqsədilə yardım-kompensasiya versə də, yerlərdə Ələmşad Məmmədquliyev kimi məmurların məsuliyyətsiz davranışları ucbatından həm kəndlinin əməyi, həm də dövlətin ayırdığı yardım hədər olur. Görün iş nə yerə çatıb ki, rayon sakinlərinin bəziləri çarəsizlikdən həyətlərindəki “kaçalka” qurğusu ilə yerdən su çıxarıb vedrə ilə əkinlərini sulamağa çalışırlar. Sudan ümidi kəsilmiş bəzi təsərrüfat sahibləri isə bu üsulu hətta böyük əkin sahələrində tətbiq etmək yolu tutublar. Vəziyyətin bu həddə çatmasının əsas günahkarı məhz Beylaqan Suvarma Sistemləri İdarəsinin rəisi Ələmşad Məmmədquliyevdir”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.