Biləsuvarda istehsal artımı olmuşdur

02

 

Biləsuvarda ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır

 

Biləsuvar rayonunda son 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur Xalq.az  xəbər verir ki, hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin təmsilçiləri iştirak etmişlər. İclasda ümumi məhsul istehsalının bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz artdığı, bütün sahələrdə əhəmiyyətli irəliləyişə nail olunduğu vurğulanmışdır. Belə ki, kənd təsərrüfatında 89,3 milyon manatlıq, sənayedə isə 8,6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən müddət ərzində tikinti sektorunda 57,9 milyon manatlıq iş görülmüş, pərakəndə əmtəə dövriyyəsi 108,2 milyon manat təşkil etmişdir. Əsas kapitala yönələn investisiya da artaraq 58,6 milyon manata çatmışdır.
Sosial-iqtisadi inkişafda özəl sektorun çəkisinin yüksək templə artdığını xüsusi qeyd edən natiqlər bildirmişlər ki, yanvar-sentyabr ayları ərzində dövlət tərəfindən 71 sahibkarlıq subyektinə 5,7 milyon manat güzəştli kredit verilmiş, yeni istehsal və emal müəssisələri hesabına 705 iş yeri yaradılmışdır.
Sürətli sosial-iqtisadi inkişaf rayonda mühüm infrastruktur layihələrinin reallaşmasına, irimiqyaslı abadlıq-quruculuq işləri aparmağa imkan yaratmışdır. Ərazisi 2,1 hektar olan Heydər Əliyev parkı yenidən qurulmuş və burada Ümummilli Liderin böyük abidəsi ucalmışdır. Müasir arxitektura elementləri əsasında Heydər Əliyev mərkəzi, rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. İstehsal gücü saatda 380 ton olan asfalt–beton zavodu, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbar da yeni tikililər sırasındadır. Həmçinin Xırmandalı kəndi ərazisində 2 hektar sahədə istixana salınmışdır.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söhbət açılmışdır. Məlumat verilmişdir ki, Biləsuvar şəhərinə içməli su xəttinin çəkilişi başa çatdırılmış, yaşayış məntəqələrinin 90 faizindən çoxu qazlaşdırılmışdır. Hazırda şəhərin kanalizasiya sisteminin tikintisi davam etdirilir.
Rayonda təhsil və tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir yol infrastrukturunun yaradılması da diqqət mərkəzində saxlanılır. 1176 şagird yerlik Ağalıkənd məktəbinin əsaslı təmiri başa çatmaq üzrədir. Xırmandalı, Amankənd və Aşağı Cürəli kənd məktəbləri üçün yeni binalar tikilir. Prezidentin Sərəncamı ilə ayrılmış vəsait hesabına mərkəzi xəstəxana yenidən qurulur. On üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yollarının tikintisinə başlanılmışdır.
Hesabat yığıncağında xidmət təşkilatlarının işindən də ətraflı danışılmış, qarşıda duran vəzifələr müzakirə edilmişdir.