Bişkekdə görkəmli yazıçı, alim, pedaqoq Mir Cəlalın yubileyi qeyd edilib

XALQ.AZ məlumat verir ki, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycanın bu ölkədəki Səfirliyimizin birgə təşkilatçılığı ilə Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında görkəmli Azərbaycan ədibi və mütəfəkkiri Mir Cəlalın 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirilmişdir.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru, Qırğızstanın əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, Səfirliyimizlə sıx əməkdaşlıqla rəhbərlik etdiyi teatrda keçirilən yubileylərin iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət etdiyini qeyd etdi.

Sonra çıxış edən Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafına xidmət edən fəaliyyətinə görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkürünü bildirdi. O, Mir Cəlal böyük yazıçı, mütəfəkkir və pedaqoq, görkəmli ədəbiyyatçı olaraq Azərbaycanda xüsusi yeri olduğu kimi, bütün türk dünyasında, eləcə də Qırğızstanda da ehtiramla dəyərləndirildiyini qeyd etdi.

Növbəti çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev görkəmli alim Mir Cəlalın Azərbaycanda ədəbiyyatşünaslığın yaradıcısı olduğunu vurğuladı. O, görkəmli alim, böyük müəllim, mütəfəkkir yazıçının ədəbi janrın bütün növlərindən məharətlə istifadə edərək dövrünün aktual məsələlərini gündəmə gətirmək bacarığından söhbət açdı. Deputat vurğuladı ki, Çingiz Aytmatov qırğız xalqını necə hiss edirdisə, Mir Cəlal da yaşadığı dövrün ictimai-siyasi ziddiyyətlərini, öz xalqının arzu və duyğularını eləcə yüksək sənətkarlıqla təsvir etmiş, bütün yaradıcılığında milli-mənəvi dəyərlərin qorunmasını təbliğ etmiş və şəxsi həyat nümunəsi ilə bu dəyərlərə sadiqliyini sübut etmişdir.

Qırğızstanın xalq şairi Mar Bayciyev çıxışında özünün Mir Cəlalın tələbələrindən biri olduğu ilə fəxr etdiyini qeyd etdi. O, ədibin dövrünün aktual məsələlərinə biganə qalmadığını, cəmiyyətdə baş verənlərin onu düşündürdüyünü göstərən əsərlərin cəmiyyət üçün əvəzsiz olduğunu dedi. Ədəbiyyatın insanları yaxınlaşdırdığı, hazırkı dövrün çağırışlarına tab gətirmək üçün qardaş xalqların mədəni əlaqələrinin möhkəmləndirilməsinin və bir-birinin problemlərinin həllində yaxından iştirak etməsinin vacibliyi qeyd olundu. Mar Bayciyev Dağlıq Qarabağ probleminin Azərbaycan xalqı ilə yanaşı Qırğız xalqının da ürəyini ağrıtdığını söylədi.

Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov görkəmli Azərbaycan ədibi, alimi və mütəfəkkiri Mir Cəlalla bağlı özəl xatirələrini bölüşərək, müəllimi ilə şəxsi ünsiyyətin həyatında xüsusi rol oynadığını vurğuladı. O, bildirdi ki, Mir Cəlal böyük yazıçı, görkəmli alim, tarixin və dövrünün toxunulmamış mövzularını tədqiq etmiş mütəfəkkirdir, bir çox nəsillər üçün əvəzolunmaz pedaqoqdur və çoxşaxəli fəaliyyət dairələrindən yalnız birində əldə etdiyi nailiyyət və tapıntıları Mir Cəlalın Azərbaycan tarixində əbədi olaraq görkəmli yerini tutmasına kifayət edərdi. Səfir Mir Cəlalın ədəbi yaradıcılığı barədə fikirlərini bölüşərək, onun Azərbaycan nəsrini yeni səviyyəyə yüksəltdiyini, öz dəsti-xətti ilə rövnəqləndirdiyini söylədi. Diplomat qeyd etdi ki, belə miqyaslı, görkəmli fəaliyyətinə baxmayaraq ədib özünün ən böyük əsərinin ailəsi olduğunu deyirdi və hazırda Mir Cəlalın övladları, nəvələri və nəticələri Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin, dövlət idarəçiliyinin və cəmiyyətinin fəal iştirakçılarıdırlar.

Səfir sonda Mir Cəlal işığına toplaşanlara minnətdarlığını bildirdi.  Yubiley tədbiri Qırğızstanın əməkdar artisti R.Osmonaliyevin rəhbərlik etdiyi A.Cumaxmatov adına Akademik simfonik orkestri müşayiət etdiyi möhtəşəm Qala-konsertlə başa çatdı. Azərbaycanın əməkdar artistləri Aqşin Abdullayev və Nərgiz Kərimovanın, Qırğızstanın əməkdar artistləri Asel Bekbayeva, Aybek Saralayev, Tilek Naymanbayev, Bakıt Ibıkeyev və solist Almaz İstambayevin ifasında Azərbaycan və Qırğız bəstəkarlarının, eləcə də klassik Qərb musiqisi əsərlərindən nümunələr səsləndirildi. Qırğız-Türkiyə “Manas” Universitetinin Türk Dünyası Orkestri və solistləri Azərbaycanın bəstəkar və xalq musiqilərini təqdim etdi.

Tədbirdə Qırğız Respublikasının Hökumətinin üzvləri və digər rəsmilər, deputatlar, Qırğızstanda akkreditasiya olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış üzvləri, soydaşlarımız və KİV nümayəndələri, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə xüsusi müxbirləri iştirak edirdilər.