Biz istəyirik ki, Azərbaycan gənci səhv yolda olmasın

08

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün azərbaycanlıların prezidentidir”

 

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:

 

– Seymur müəllim, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə ABŞ Dövlət Departamentinin Azərbaycan keçirilən prezident seçkilərinə qərəzli mövqedən yanaşmalarına aydınlıq gətirib. Sizin məsələyə münasibətinizi bilmək istərdik ?

  • İlk öncə, bütün Azərbaycan gəncliyini, bütövlükdə xalqımızı 9 oktyabrda qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də Azərbaycan xalqı seçkilərdə müdrikliyini bir daha göstərdi və “iqtisadi inkişafa, yüksəlişə, tərəqqiyə davam” dedi. Biz düşünürük ki, cənab İlham Əliyevin qələbəsi ilə bağlı hər hansı beynəlxalq və yerli təşkilatın mənfi fikir söyləməsi onun qərəzli mövqe tutmasından xəbər verir. Bu məsələnin birinci tərəfi. Akademik Ramiz Mehdiyev də Azərbaycanın ictimai-siyasi, elmi həyatında kifayət qədər tanınan, dövlətçiliyə bağlı olan, onu dərindən bilən insandır. Biz akademikin söylədiyi fikirlərlə tamamilə razıyıq. Hesab edirəm ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), və  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Deportamentinin verdiyi bəyanatlar seçki reallıqları ilə heç bir vəchlə uyğunlaşmır. Ortada qərəzli mövqe dayanır. Xüsusilə isə ABŞ rəsmilərinin Milli Şuranın namizədinə 25 faiz səs verməyi, qalan 74-75 faizi özümüzə saxlamağı məsləhət görməsi ilə bağlı səsləndirdikləri fikirlər sadəcə olaraq gülünc doğurur. Dünyada özünü ədalətin carçısı kimi təqdim edən dövlətlərdən bu cür hərəkətlərin gözlənilməsi bizdə çox təəssüf doğurur. İstər Azərbaycanda aparılan rəy sorğuları, istərsə də ictimai-siyasi proseslər və xalqın öz liderinə olan münasibəti olsun, hesab edirəm ki, Azərbaycan xalqı hər zaman gələcəyə İlham Əliyevlə davam deyəcək. Bəlkə də elə onlar Azərbaycana qarşı qərəzli fikirlərini bildirməklə, bunu ölkəmizin ünvanına yönəlik təzyiq metodu kimi dəyərləndirməyə çalışırlar. Bir sözlə bunların hər biri absurd, siyasətin və qarşılıqlı münasibətlərin etikasından kənar məsələlərdir. PA-nın rəhbəri, akademik Ramiz Mehdiyev də haqlı olaraq öz mövqeyini bildirib. Biz istəyirik ki, dünyadakı bir çox dövlətlərlə öz münasibətlərimizi qarşılıqlı hörmət prinsipləri əsasında quraq. Təbii ki, ABŞ Azərbaycanın ən böyük müttəfiqlərindən və dost dövlətlərindən biridir. Eləcə də bizim Avropa ilə də çox gözəl əlaqələrimiz mövcuddur. Avropa rəsmilərinin bir çoxu Azərbaycandakı seçkilərlə bağlı öz müsbət fikirlərini bildirərək, prezidentin ünvanına təbrik teleqramları göndərdilər. Hətta avropalı deputatların bir çoxu ATƏT-in bu cür qərəzli bəyanat verməsinə qəzəbləndilər. Onlar deyirlər ki, bu bəyanatlar heç bir reallığı əks etdirmir. Hesab edirəm ki, bu əslində Azərbaycanın deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) nüfuzuna xələl gətirəcək.

 

– Oktyabrın 15-də Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən hadisə baş verdi. 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılaraq istintaqa cəlb olundu. Ən maraqlısı isə odur ki, şübhəli şəxsin həbsini Rusiya telekanalları şouya çevirdilər. Sizcə, Rusiya tərəfindən atılan bu kimi addımlar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə nə kimi təsir göstərə bilər?

  • Əgər Azərbaycan vətəndaşı Orxan Zeynalov 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinirsə, bu hələ o demək deyil ki, o cinayətkardır. Bu işin yekun qərarı ilkin tədqiqat, istintaq nəticəsində sonda isə məhkəmənin son qərarından sonra müəyyənləşir. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, Orxan Zeynalova qarşı gözlənilməz mövqe seçilib və onun camaat qarşısında döyülməsi, alçaldılması eləcə də Rusiya kimi böyük bir ölkənin DİN rəhbərinin bununla bağlı fikir söyləməsi hər kəsdə ikrah hissi doğurur. Onsuz da bütün dünya bilir ki, Rusiya RF-də kriminogen durum kifayət qədər gərgindir. Təbii ki, bütün bu işləri siyasiləşdirməyə çalışmaq, Azərbaycan-Rusiya dostluğuna, qardaşlığına təsir edə biləcək səviyyədə deyil. Amma bu, istər-istəməz gənclərin psixologiyasına mənfi təsir edir. Bir sözlə, biz bu cür prosesləri görmək və eşitmək istəmirik.

 

– Rusiyada miqrantlara qarşı bu cür halların mütəmadi olaraq təkrarlanmasına necə qiymət vermək olar?

  • Təbii ki, bu proseslər heç də müsbət hal deyil. Həqiqətən də biz bütün bu kimi halları qəti şəkildə qınayırıq. Çünki Azərbaycandan Rusiyaya gedən insanların bir çoxu qanuni şəkildə orada yaşayırlar. Həmin insanlar Rusiya dövlətinin qəbul etdiyi qərarlara və qanunlara hörmət çərçivəsində orada qalırlar. Hər hansı bir insanın səhvi də ola bilər. Təbii ki, bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir. Düşünürəm ki, burada müəyyən qüvvələrin (erməni lobbisinin və s.) maraqları vardır ki, onlar iki dövlət arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Erməni lobbisi heç cürə istəmir ki, Rusiya ilə Azərbaycan arasında normal münasibət olsun. Düşünürəm ki, Rusiya dövlətində miqrasiya işi ilə məşğul olanların əsli-kökü elə məhz ermənilərə söykənir. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında yaxşı münasibətlər mövcuddur. Vladimir Putin Ümummilli lider Heydər Əliyevi çox sevən dövlət başçılarından biridir. Bu mənada hesab edirəm ki, bu işlərin hər birinin arxasında erməni lobbisi dayanır.

 

– Seymur müəllim, müxalifət oktyabrın 20-də növbəti aksiyasını keçirəcək. Amma bu aksiyanın bundan əvvəlkilərdən fərqli olaraq qanunsuz keçiriləcəyidir. Bu arada YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibələrinin birində deyib ki, bu dəfə qanunsuz aksiyaya polis deyil, əksinə YAP-ın gəncləri müdaxilə edəcək. Siz bu haqda nə deyə bilərsiniz?

  • Müxalifətin bu cür yollara əl atması gözlənilən idi. Çünki müxalifət artıq qanuni şəkildə icazəli mitinqlərlə öz pafoslu çıxışlarının və yaxud da güclü müxalifət göstəricisinin bir sabun köpüyündən ibarət olduğunu gördü. Müxalifət liderlərinin ən böyük hədəfi, göstəricisi və nəticəsi prezident seçkiləri idi. Bunların prezident seçkilərində təşkil etdikləri mitinqə gələn insanların sayına və seçki qutularından çıxan nəticələrinə nəzər yetirsək görərik ki, Azərbaycan müxalifətinin siyasi elektoratı, cəmiyyətdə çəkisi yoxdur. Bu mənada onlar son variant kimi qanunsuzluğa əl atırlar ki, özlərini əzilən kimi göstərsinlər. Onların “Fəvvarələr meydanı”nı keçməsi əbəs yerə deyil. Bildiyiniz kimi bu meydan paytaxtımızın ən böyük istirahət məkanlarından biridir. Bura Azərbaycanın bir çox regionlarından, xarici ölkələrdən gələn qonaqların istirahət yeridir, sakinlər bura gəzintiyə çıxırlar. Müxalifətin burada mitinq keçirməsi həmin insanların istirahət hüquqlarını poza bilər. Onlar həmin yerdə aksiya keçirməklə müəyyən qüvvələrə sübut etməyə çalışırlar ki, biz də varıq. Həmin insanlar sadəcə olaraq qanunsuz aksiyalarda şəkil çəkdirmək üçün canfəşanlıq edirlər. Düşünürəm ki, Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyaların keçirilməsinə yol verməyəcək. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun aksiya ilə bağlı söylədiyi fikrə gəlincə, deyə bilərəm ki, biz müxalifətçi gənclərlə dialoq qurub elə söhbətlər aparmalıyıq ki, heç bir Azərbaycan gənci səhv yolda olmasın. Mən bu gün də müxalifətə səslənərək deyirəm ki, bu cür qanunsuz əməllərə qol qoymasınlar. Onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ölkə Prezidenti cənab İlham Əliyev tək iqtidarda olanların prezidenti deyil, O bütün azərbaycanlıların prezidentidir. Dövlət başçısı hər zaman əhalinin sosial problemlərinin həlli ilə məşğul olub və bu gün də onların qayğısını çəkir. Artıq orta nəslin nümayəndələri müxalifətə inanmır. Biz hər zaman demişik ki, onlar öz siyasi baxışlarını meydanlarda deyil, seçki məntəqələrində bildirsinlər. Bir insan ki, digər bir insanı qanunsuz yola çəkirsə, burada heç cürə normal münasibətdən söhbət gedə bilməz.