BMT-nin rezident nümayəndəsi ilə görüş keçirildi

Xidmət rəisi: Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində əsaslı işlər görülüb

Azərbaycan Dövlət Miqrasiya Xidmətində (DMX) BMT-nin rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Fondunun rezident nümayəndəsi Qulam İsakzai ilə görüş keçirilib.

Xidmətdən XALQ.AZ – a verilən məlumata görə, görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Azərbaycanda əsaslı işlər görülüb: “Qanunvericilik təkmilləşdirilib, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulan digər müvafiq normaların tətbiqi sadələşdirilib”.

Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Avropada yaşanan miqrant böhranı ilə bağlı danışılıb. Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində böyük miqrasiya problemi-bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə, eyni zamanda erməni təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələrə toxunub.

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğuna diqqət çəkən F.Nəbiyev respublikamızda vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə görülən işlərə toxunub.

Görüşdə Dövlət Miqrasiya Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə əminlik ifadə olunub.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai xüsusi vurğulayıb ki, Azərbaycanda aparılan məqsədyönlü siyasət hər sahədə, o cümlədən miqrasiya sahəsində özünün müsbət nəticələrini göstərməkdədir.