BMU-da Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Bakı Mühəndislik Universitetində (BMU) görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və eləcə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nübar Haşımova və Azərbaycan Respublikası Qadınlar Şurasının sədri Bahar Qasımova iştirak edib.

XALQ.AZ xəbər verir ki, tədbir akademik Zərifə Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra görkəmli oftalmoloqun həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Universitetin rektoru, professor Havar Məmmədov Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirilib ki, Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olub.

Akademik Zərifə Əliyevanı şəxsən tanıyan Nübar Haşımova onun Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. O, Zərifə xanımın ölkəmizdə oftalmologiyanın, xüsusən gözdə əmələ gələ biləcək peşə xəstəliklərinin müalicəsinə dair bir çox sanballı tədqiqatların və elmi əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. Məhz Zərifə xanımın tədqiqatlarının nəticəsidir ki, ölkədə oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullar və texnologiyalar tətbiq olunur.

Qadınlar Şurasının sədri Bahar Qasımova görkəmli oftalmoloqun elmi fəaliyyəti ilə yanaşı, xeyirxah əməllərindən də danışıb. O, rəhbərlik etdiyi qurumun Zərifə xanım Əliyevanın 95 illik yubileyi münasibətilə keçirdiyi tədbirlər barədə məlumat verib.

Sonda tədbirin təşkilatçısı Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül yeni yaradılan şuranın ilk tədbirləri olduğunu bildirərək qeyd edib ki, universitetdə işləyən və oxuyan xanımlar elmi və ictimai fəaliyyətlərində akademik Zərifə Əliyevanı örnək alaraq, ölkəmizin inkişafına töhfə verəcəklər.

   

Elgün