Britaniya mətbuatı İlham Əliyevdən yazdı

01

 

Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalının sentyabr-oktyabr buraxılışında “İlham: Bir Prezidentin portreti” kitabı haqqında məqalə dərc edilib.

AzərTAc xəbər verir ki, məqalədə kitab haqqında qısa məlumat verilib. Qeyd olunub ki, görkəmli tədqiqatçı Qreym Hovard Vilson tərəflindən ingilis dilində yazılmış kitabda Azərbaycanın qədim tarixindən, XX əsrin əvvəllərində əldə etdiyi dövlət müstəqilliyi və onun süqutundan, sovetlər dövründəki ictimai-siyasi proseslərdən, keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişafın göstəricilərindən bəhs edilir.

Kitabda XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri geniş təhlil edilir.
Müəllif yazır ki, Azərbaycan XX əsrin əvvəllərində qarşılaşdığı dövlətçilik böhranını həmin əsrin sonunda yenidən yaşayıb. Hər iki halda Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın dövlətçiliyinə qarşı yönəlmiş təcavüz kimi tarixə düşüb. 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan xalqının tarixində xilaskarlıq obrazı yaradıb.

Məqalədə həmçinin “Əsrin müqaviləsi”ndən bəhs edilib, müqavilənin iki ölkə arasındakı münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanıb.
Yüksək dizaynla və keyfiyyətli poliqrafiyada çap edilmiş 512 səhifəlik kitabda Azərbaycan tarixinin müxtəlif dövrlərini, Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən nadir fotolar yerləşdirilib.

Qeyd edək ki, iyunun 17-də Londonda mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi” adlı kitabın Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilmiş təqdimat mərasimində “İlham: Bir Prezidentin portreti” kitabı da tədbirə gələn qonaqlara təqdim olunub.