“Bu dəhşətlidir” – Deputatdan bələdiyyələrə çağırış

 

ganira

Millət vəkili Q.Paşayeva bu gün Milli Məclisdə Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın illik məruzəsi ətrafında keçirilən müzakirələrdə çıxış edərək bələdiyyələrin fəaliyyətindəki problemlərdən danışıb, təkliflərlə çıxış edib. “Görünür ki,  bizdə hələ də bələdiyyələrin çoxu bələdiyyə institutunun mahiyyətini bilmir.

Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın bizə təqdim etdiyi hesabatda deyilir ki, vətəndaşların müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində birinci yerdə bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarların qəbul edilməsi dayanır. Bu o deməkdir ki, bu sədrlər özlərini idarə müdiri kimi hiss edir və hələ də bələdiyyə institutunun əsl mahiyyətindən xəbərləri yoxdur. Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın hesabatında bələdiyyələrin  fəaliyyətindəki hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar içərisində ikinci yerdə dövlət mülkiyyəti olan torpaqlar üzərində sərəncam verilməsi, üçüncüsü isə kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsidir dayanır. Demək ki, hələ bələdiyyələrin bir çoxu mülkiyyətlərində hansı torpaqların olub-olmamasını bilmir. Bu çox mənfi haldı. Yox, əgər bilərəkdən bu addımları atıblarsa, bu daha dəhşətlidir.

Ona görə də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Eyni zamanda belə vəziyyətdə vətəndaşın hüquqlarının müdafiəsinə daha böyük diqqət yetirmək lazımdır. Vətəndaş pulunu verib  torpaq alır, bələdiyyə onlara sənədləri verir o da gedib torpağında ev tikir, sonra bir gün deyirlər ki, bələdiyyə səhv edib, qanunsuzluq edib, o torpağı verə bilməz və həmin bələdiyyə qərarı bir çox hallarda məhkəmə tərəfindən də ləğv edilir. Bəs vətəndaş? O neyləməlidir belə vəziyyətdə? O vətəndaş bələdiyyə dövlət qurumudur və bu prosesi o aparır deyə gedib müraciət edib sənədlərini alıb işini görür və bir gün məlum olur ki, bələdiyyə qanunsuzluq edib, o qərar ləğv edilir. Biz vətəndaşların mənafelərini qorumalıyıq. İnam da azalır bələdiyyəyə belə hallar artınca.

Eyni zamanda Bələdiyyələrin Fəaliyyətinə İnzibati nəzarəti keçirən orqanın bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabatında deyilir ki, bələdiyyələrin fəaliyyətindəki pozuntular arasında birinci yerdə torpaq qanunvericiliyinin pozulması və bələdiyyə maliyyə vəsaitinin qanunsuz xərclənməsi dayanır. Məsələn elə təkcə bircə bələdiyyə, sənəddə də qeyd olunan Qobu bələdiyyəsi ilə bağlı qeyd olunur ki, 900 min manata yaxın pul vəsaiti qanunsuz silinib və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 20 Ha torpaq sahəsi satılıb. Sənəddə bu cür mənimsəmələrə yol verən bir xeyli belə bələdiyyənin adı çəkilir. Məsələn elə Qobuda bizim jurnalistlər yaşayır və daim oranın problemləri barədə yazırlar. 900 min manat Qobunun problemlərinin həlli üçün böyük vəsaitdir. Eləcə də digər bölgə və kəndlərin. Bu vəsaitin qanunsuz xərclənməsinə cavabdeh şəxslər işlərindən uzaqlaşdırılır, müəyyən məsuliyyətə cəlb olunur. Bəs vəsait o necə?

Məsələn 900 min vəsaitdən nə qədər geri qaytarılıb, bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Çünki o vəsaitlərə bölgələrdə, kəndlərdə böyük ehtiyac var. Və sonda mən də kənd rayonlarından birini təmsil edən millət vəkillərindən biriyəm. Yaxşı işləyən bələdiyyələrlə pis işləyən bələdiyyələri fərqləndirmək, yaxşı işləyən bələdiyyələrə dəstəyin artması lazımdır. Kənd bələdiyyələri tərəfindən 70-dən çox layihə təqdim olunub amma onlarla bağlı heç bir subvensiya verilməyib. Kənd üçün vacib konkret layihələr təqdim edən kənd bələdiyyələrinə vəsaitin ayrılması yaxşı olmazmı? Subvensiyalar məsələsinə yaxın gələcəkdə təkrar baxılacaqmı? Çünki kəndlərdə buna çox böyük ehtiyac var.”