Bu gün Leyla Əliyevanın doğum günüdür

Azərbaycanlı ictimai xadim, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən “Baku” jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevanın ad günüdür.

XALQ.AZ  xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada “Baku” jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasını başlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 18 aprel 2009-cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin İyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

5 aprel 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 1 oktyabr 2013-cü ildə 3-cü dərəcəli “Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013-cü ildə isə “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

 

 

Orxan