Bu məsələlər Milli Məclisin plenar iclasında müzakirə olunacaq

 

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçirilən iclasında dörd məsələ müzakirə edilib. XALQ.AZməlumat verir ki,  komitənin sədri Əli Hüseynli gündəlik barədə məlumatı diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ – “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim bildirib ki, qanuna təklif edilən dəyişikliklər Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin statusunu müəyyən edəcək. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, ticarət nümayəndəliyi Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış yeni bir institutdur. Ticarət nümayəndələri Azərbaycanın xarici ölkələrdə ixrac, investisiya, ticarət əlaqələri və digər bu istiqamətli məsələlərlə bağlı elçiləridir. Hazırda Rusiyada, Çində, Birləşmiş Ərəb Əmirliklərində, Mərkəzi Avropanın 10 ölkəsini əhatə edən və Polşada yerləşən ticarət nümayəndələrimiz fəaliyyət göstərir. Artıq onların fəaliyyətlərinin bəhrələri görünməkdədir.

Məsələ barədə çıxış edən komitə üzvləri Rövşən Rzayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Elşən Musayev, Vüsal Hüseynov ticarət nümayəndəliklərinin əhəmiyyətindən danışıb, qeyd və təkliflərini veriblər.

Komitənin sədri Əli Hüseynli bildirib ki, bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna “Dövlət qulluqçusunun şəxsi işi” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsi” adlı maddələrin əlavə olunması təklif edilir. Bu maddələr dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydalarını daha da təkmilləşdirəcək.

Sonra Əli Hüseynli Seçki Məcəlləsinə təklif edilən dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədardır.

Gündəlikdəki dördüncü məsələ isə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2008) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə bağlıdır. Qeyd edilib ki, Xüsusi Dövlət Mühafizə Xidməti dövlətçiliyimizdə xüsusi xidmətləri olan bir qurumdur və belə bir medalın təsis edilməsi təqdirəlayiqdir.

İclasın sonunda gündəlikdəki dörd məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Scroll to top