Bu məsələlər müzakirəyə çıxarılacaq – Mətbuat Şurasının qurultayında

Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət XALQ.AZ-a açıqlamasında bildirib ki, qurultayda bir qayda olaraq Azərbaycan Mətbuat Şurasının rəhbər strukturlarının təmsilçiləri seçiləcək:
“Konkret olaraq Mətbuat Şurası İdarə Heyətinin 17 üzvü, eyni zamanda Mətbuat Şurasının sədri həmin idarə heyətinin üzvləri arasından seçiləcək. Bilirsiniz ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Mətbuat Şurasının statusunun dəyişdirilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırıb. Daha üstün statusun verilməsi, Mətbuat Şurası Haqqında Qanunun qəbul edilməsi ilə bağlı məsələni səsləndirilib. Ümid edirik ki, bu məsələ Mətbuat Şurasının qurultayında geniş müzakirə ediləcək. Azərbaycan mətbuatı ilə bağlı gündəmdə olan məsələlər, xüsusən də jurnalistikadan sui istifadə hallarının artması, Jurnalistlərin Peşə Davranış Qaydalarının pozulması ilə bağlı məsələlər müzakirə olunacaq. Təbiidir ki, bu ali məclisdə həm də Azərbaycan jurnalistikasına dövlətin qayğısı, ümumilikdə dövlətin media ilə bağlı siyasətinə də toxunulacaq. Yəni, geniş aspektdə məsələlərin müzakirəsi nəzərdə tutulur. Əlbəttə ki, qurultay nümayəndələri tərəfindən irəli sürüləcək təkliflər əsasında başqa məsələlər də müzakirə oluna bilər”.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcək. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcək.

Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcək. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaqdır. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək.

Qurultayda eyni zamanda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcək.

RƏSUL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.