Bu prokurorlar işdən çıxarıldı

Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə geniş kollegiya iclası keçirilib.

XALQ.AZ xəbər verir ki,  Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, 2017-ci ildə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınıb:

 

Bakıda 5 prokuror işdən çıxarılıb, 1 nəfər orqandan xaric olunub

Onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120  hadisə və ya 3,4% azalaraq 1890 olub. 2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə, hadisələrin sayı 68 olub, onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən 1-i bağlı qalıb. Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb. Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib”.

İ.Abbasov qeyd edib ki, hesabat dövründə bəzi nöqsanlara da yol verilib:

“Quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması zəruridir. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.