Bu sərgi hamını heyran qoydu

Sergi

Bu gün Bakıda “İpəkdə yaşayan izlər” adlı unikal rəsm sərgisinin açılışı olub.

Sərgi təşkilat mərkəzindən daxil olan xəbərə görə, tədbirdə gənc rəssam Tünzalə Məmmədzadə və tələbələrinin ipək üzərində işlədikləri rəsmlər nümayiş olunub.

Rəssam Tünzalə Məmmədzadə və tələbələri – Elmar Məmmədzadə, Nərmin Usubova, Ülkər Qəhrəmanova, Fərid Salamlı, Mahizər İbadzadə və Könül Məmmədli öz rəssamlıq bacarıqlarını şəffaf ipək üzərində yaratdıqları əsərlərlə nümayiş etdiriblər.

Məlum olub ki, T. Məmmədzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Türkiyənin Marmara Universitetinin doktorantıdır.

Tünzalə Məmmədzadənin incəsənətdə yeni yol açdığı vurğulanaraq qeyd olunub ki, o, dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır.

Yaradıcılığının əsasını ipək üzərində rəsmlər və kalliqrafik əsərlər tutur. Müxtəlif mövzulara müraciət edən rəssamın əsərləri arasında dini motivli tablolar üstünlük təşkil edir.

Tədbirdə Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, rəssamın müəllimləri və digər çıxış edənlər Tünzalə Məmmədzadəni təbrik edib və ona uğurlar arzulayıblar.

Əsərlərinin müəlliflik hüququ qorunan Gənc rəssam Tünzalə Məmmədzadə bundan sonrakı yaradıcılığını Türkiyədə davam etdirməyi düşünür.