“Bu sistem tam yerinə yetirilsə, universitetlərdə qapını açıb, bir tələbə də görə bilmərik” – Xaricdə təhsillə bağlı müsahibə

AzEdu.az xaricdə təhsil məsələləri ilə bağlı maarifləndirici yazı və müsahibələrinə davam edir. Budəfəki müsahibimiz FONO təhsil-tədris qurumunun müdir müavini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəzərbəy Hacıağayevdir.  Onunla söhbətdə xaricdə təhsillə bağlı bir çox suallara cavab tapmağa çalışdıq:

-Nəzərbəy, ilk olaraq FONO haqqında danışaq: Necə  qurumdur, hansı missiyanı həyata keçirir? 

-FONO 1953-cü ildə Türkiyə Milli Təhsil Nazirliyində fəaliyyətə başlayan bir dövlət qurumudur. Elə həmin  vaxtda Türkiyədə ilk distant təhsili həyata keçirib. FONO sonradan təkcə Türkiyə şəhərlərində kifayətlənməyib, Avropa və Amerikada filiallarını açaraq, türk vətəndaşlarına xidmət göstərib. 1999-2000-ci illərdə FONO dövlətlər arasındakı rəsmi razılaşmaya əsasən, Azərbaycanda da fəaliyyətinə başlayıb. Bununla da Azərbaycanda ilk dərsanə sistemi qurulub. 2000 – 2015-ci illər arasında əməkdaşlıq davam edib, 2015-ci ildə isə rəsmi lisenziya dayandırılıb. 2017-ci ildə Türkiyədə müəssisələrin özəlləşdirilməsinə başlanıldıqda FONO-nun 50%-i Azərbaycandakı türk iş adamı Səlçuk Tapan tərəfindən özəlləşdirilib. Qalan hissəsi isə yenə Türkiyə dövlətinin tabeliyində qalıb.

Biz də bundan sonra yalnız xarici dilin tədrisi deyil, ümumilikdə xarici təhsili şaxələndirməyə başladıq. Yəni burada YÖS, SAT, TOEFL, İELTS və digər proqramlar  tədris olunmağa başladı. Həmçinin, xaricdə təhsillə bağlı bizə müraciətlər olunurdu. Əsas özəlliyimiz beynəlxalq təhsil qurumlarının, xüsusilə distant təhsillə bağlı əsas üzvlərdən biri olmamızdır. Biz həm də Avropa distant təhsil qurumunun üzvüyük. Burada 23 üzv var, Avropa İttifaqı dövlətləri ilə yanaşı burada Ukrayna, Hindistan, Amerika və Kanada da var. FONO bu qurumun üzvü olmaqla, həm də həmin ölkələrlə qarşılıqlı əməkdaşlıq edir. Türkiyəni təmsil edərək hər dəfə zirvə toplantılarında iştirak edir. Bu ildən qərar vermişik ki, Azərbaycan nümayəndə heyəti olaraq o toplantılarda iştirak edək.

FONO-nun kadrları peşəkarlardan ibarətdir. Müəllim işə təyin olunarkən, öncə onunla bağlı məlumatlar Ankaraya göndərilir. Yalnız Təhsil Nazirliyinin  təsdiqindən  sonra müəllim işə qəbul olunur.

-İlk dərsanə sistemini Azərbaycana gətirdiyinizi qeyd etdiniz. Bu sistem haqqında ətraflı məlumat verərdiniz; onun əsas  özəllikləri nədir?

-Azərbaycanda dərsanə sistemi təəssüf ki, bəzi işbazların sayəsində bir qədər çökmüş vəziyyətdədir. Demək olar ki, bu sistem yoxdur.  Bu, həm müəllimlərin qeyri-peşəkarlığı, həm də sistemin düzgün olmaması ilə əlaqəlidir. Dərsanə sisteminin özünün xüsusi quruluşu var: Əsas  tələbənin hazırlıq prosesidir.Tələbə  istər magistr, istərsə də bakalavr səviyyəsində universitetə daxil olmaq üçün bizə müraciət edir. Onların hər bir hazırlığını təmin edirik. Dərsanə sistemi o demək deyil ki, tələbə universitetə daxil olmaq üçün hazırlıq dərslərinə girdi və bununla da iş tamamlandı. Xeyr!  Onu öncə müəllimlə dərsə salmalısız, dərsi başa düşməyibsə, yenidən dərsdə qalmalıdır, sonra  “etüd müəllimi” deyilən mütəxəssislə dərs keçirilməlidir. Bundan əlavə, psixoloqlar da onlarla danışmalıdır. Yəni, dərsanə sistemi ümumilikdə Türkiyədə bu formatdadır; Azərbaycandakı hazırlıq sistemlərindən bir qədər fərqlidir. Burada tələbənin tədris proqramını mənimsəməsi əsas götürülmür, vacib olan onun imtahana qədər həm psixoloji, həm də mənəvi hazırlığıdır.

Azərbaycanda qəbul imtahanından sonra abituriyentlərin intihar hallarının tez-tez baş verməsi ona  düzgün istiqamət verilməməsi ilə bağlıdır. Məsələn, şagird Hüquq fakültəsini seçəcəyini bildirir, amma  bacarığı onu hüquqa yox, texniki fənlərə yönəldə bilər. Bəzi tələbələr deyir ki, tibbi istəyirəm. Onlarla ünsiyyətdə olandan sonra psixoloq və müəllimlərimiz aydınlaşdırırlar ki, bu tələbədən tibb işçisi olmaz. Amma sonda yenə də  yekun qərarı özünə buraxırıq.

-Bəs burada tələbələrin psixoloji hazırlığı üçün nə tədris olunur? Psixoloq xidmətinin əsasını nə təşkil edir?

-Biz Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmiş bir psixoloqla müzakirələr aparıb, onu bura dəvət etmişik. Bizimlə əməkdaşlıq edib. Növbəti illərdə yeni psixoloqlar gətirəcəyik. Dünya sistemində belə bir anlayış var ki, yaxşı müəllim, həm də  yaxşı psixoloq olmalıdır. Pedaqoji Universitetdə ayrıca psixologiya keçirilir ya yox, dəqiq bilmirəm. Amma dünya praktikasında bu mövcuddur. Müəllimi həm də xüsusi psixoloq kimi hazırlayırlar. Abituriyentlik  keçid dönəmidir. Bu zaman  dərs proqramı ilə yüklədikdə ona daha da çətin olur. Burda hər kəsin üzərinə yük düşür: həm dərsanənin, həm də valideynin…  Biz təkcə tələbələrlə deyil, valideynlərlə də maarifləndirmə söhbətləri aparırıq. Bildiririk ki, övladlarınıza çox təzyiq göstərməyin və ya çox boş buraxmayın. Yəni balanslaşdırılma prosesini həyata keçirilməsini dərsanə psixoloqları öz üzərinə götürür.

-Gənclər təhsil üçün daha çox Türkiyəyə üz tuturlar. Bunun  əsas səbəbləri nələrdir?

  • İki faktor var: birincisi, Türkiyənin bizə yaxın dövlət olmağı, ikinci isə dil faktorudur. Bəzən, elə bilirlər ki, türk dilini onların filmlərindən və ya hər hansı musiqilərinə qulaq asaraq bilirik. Amma elə deyil, bu dilin çox çətin qrammatikası var. Başqa əsas  faktor isə Türkiyə  təhsilinin hazırki çox böyük inkişafıdır. Bu inkişafınsa  əsas səbəbi təhsilinin Avropaya daha çox inteqrasiya etməsidir. Türkiyə təhsili dedikdə, eyni zamanda, İngiltərədəki sistemi də düşünə bilərik. Son 20 ildə Türkiyənin əsas hədəflərindən biri böyük təhsil ölkəsinə çevrilməkdir. Sual verə bilərsiniz ki, bəs niyə dünyanın top yüzlüyündə Türkiyə universitetlərinin adı yoxdur?  Burada siyasi faktorlar da önəm kəsb edir. Türkiyənin əsas məqsədi təhsil turizmini inkişaf etdirməkdir. Türkiyə anlayır ki, ora gələn hər bir tələbə onların iqtisadiyyatına bir töhfədir. Təkcə təhsilin inkişafı deyil, hər bir sahəsi inkişaf edir.

İngilis elçinin Qandiylə bir söhbəti olub. O deyib ki, ingilislər Hindistanda bu qədər zorakılıqlar həyata keçiriblər, amma çox sevinirəm ki, eyni zamanda, hind xalqına təhsil verdiniz. İngilis elçisi cavabında bildirib ki, biz sizə ən böyük pisliyi etdik, öz təhsil sistemimizi yeritdik və min illərlə bundan qurtula bilməyəcəksiz. Bu gün türk dünyasını istəməyən qlobal güclər var ki, özlərini “xoşsimalı” göstərmək üçün təhsil faktorundan da istifadə edirlər. Müəyyən təqaüdlü proqramlar təşkil edirlər. Onların əsas hədəfi insanları psixoloji olaraq öz tərəflərinə çəkməkdir. Amma Türkiyənin əsas hədəfi təhsilini inkişaf etdirərək türk dünyasına öz töhfəsini verməkdir. Təbii ki, həmin proqramları yaradanlarla mübarizə aparmaq o qədər də asan deyil, Türkiyə bu məsələdə özünə, müsəlman türk dövlətlərinə güvənir. Türkiyənin əsas məqsədlərindən biri super təhsil ölkəsinə çevrilməkdir.

Söhbətin bu yerində, Avropa və Türkiyə təhsilinin oxşar və fərqli cəhətlərindən danışaq…

  • Türkiyə və Azərbaycan təhsilinin fərqli cəhətlərini desəydiniz, müqayisələr edə bilərdim. Amma Türkiyə Avropa təhsilinə tam inteqrasiya edib. Türkiyə təhsili Şərqi Avropa ölkələrindən daha çox Qərb təhsilinə yaxındır. Ümumilikdə, Britaniya, Amerika təhsil sistemi ilə eyni səviyyədədir. Azərbaycan  sosialist sistemindən çıxmış dövlətdir. Onun Avropaya inteqrasiya etməsi bir qədər çətindir. Kortəbii şəkildə inteqrasiya düzgün deyil, bu, mərhələli şəkildə olmalıdır. Həm pedaqoji heyət, həm tələbələr, həm də cəmiyyətin bu inteqrasiyanı qəbuletmə müddəti var. Yeni müstəqillik qazanmış bir ölkəyik. Lakin 26 ildir ki, müstəqilliyə çıxmağımıza baxmayaraq, inkişafımız daha əvvəl müstəqil olanlardan sürətlidir. Bu da əvvəldən Azərbaycanın savadlı kadrlarının olması ilə əlaqəlidir. Hazırda sovet sistemindən Avropa təhsil sisteminə inteqrasiya gedir. Bu da 3-5 ilin işi deyil. Öncə cəmiyyət bunu qəbul etməlidir.

-Son illərdə təhsil üçün xarici ölkələrə axın çoxdur. Sizcə, Azərbaycan təhsili gəncləri qane etmirmi?  Buradakı əsas məqsəd hansıdır: ölkədən getmək, yoxsa, həqiqətən Qərb  təhsili almaq?

-Yox, bununla əlaqələndirməzdim. Bu tendensiya dünyanın hər bir ölkəsində var. Bu gün amerikalı İngiltərədə, Fransada təhsilini davam etdirə bilər. O demək deyil ki, Amerikanın təhsilində hər hansısa problemlər var. Sadəcə, hər şey gənclərin seçim və arzularıyla bağlıdır. O demək deyil ki, bu gün Azərbaycan təhsil sistemi Almaniya ilə birdir. Problemlər danılmır,  ancaq onların həlli də labüddür. Azərbaycan təhsil sistemində zəiflik, boşluqlar var. Bunların həlli üçün yollar da var. Gənclərin xaricə getməsi təhsilimizə xeyirdir. Almaniyada təhsil alıb geri qayıdan şəxs Azərbaycan pedoqoji sisteminə böyük töhfələr verə bilər. Orda gördüyü yenilikləri, bilik və bacarıqları burda tətbiq edə bilər. Türkiyə 1923-cü ildə müstəqilliyə çıxan kimi inkişaf edib deyə bir anlayış yoxdur. Gənclərin xaricə axınını Azərbaycan təhsilinin uğursuzluğu ilə bağlasaq, düzgün olmaz. İnteqrasiya, inkişaf etmək lazımdır. Sovet sistemindən çıxanda fərqinə vardıq ki, necə qapalı bir sistemin  tərkibində olmuşuq. Bugün xaricdə tələbələrimizin çox olması yaxşı haldır. Lakin onlar da Azərbaycanla bağlı bir çox məslələrdə aktiv olurlar.

-Türkiyədən danışdıq, hazırda gənclər başqa hansı ölkələrə daha çox üstünlük verirlər?

-Gənclərin ən çox üstünlük verdiyi ölkələrdən biri Almaniyadır. Azərbaycan təhsilinin problemlərindən biri Avropa təhsilinə  tam inteqrasiya edə bilməməsidir. Bizdə məktəblər 11, Avropada isə 12 ildir. Bu balans pozulduğu zaman onlar bəzən, bizim tələbələrimizin bakalavr sənədlərini qəbul etməkdə çətinlik yaradırlar. Qazaxıstan sovet təhsil sistemindən çıxmış bir ölkə olsa da, artıq bu mərhələni keçib. Bu gün tələbələrimiz Almaniya ilə yanaşı Litva, Ukrayna, Macarıstana üz tuturlar. İtaliyaya qarşı xüsusi  bir maraq var. Təəssüf  ki, İtaliya dövləti viza məsələlərində bəzi problemlər yaradır. Bu da gənclərimizə xoş olmur. Bu da İtaliyanın daxili qanunudur.

-Gənclər daha çox hansı ixtisaslar üzrə təhsil almağa gedirlər?

  • Hər ölkənin özünə görə ixtisası var. Bir gənc müraciət edib desə ki, mən İtaliyada tibb təhsili almaq istəyirəm, bu, bir az gülməli olar. Məsələn, Polşanın Krakov Universitetində İdarəetmə fakültəsində oxumaq istəyən ola bilər, təbii ki, orda bu fakültə var, amma mükəmməl deyil.

-Bizdə olmayan bəzi ixtisaslar var. Həmin ixtisaslar üzrə xaricdə təhsil almaq istəyənlər olur? Onları geri qayıdandan sonra iş problemləri narahat etmir ki?

-Gənclərlə həmişə müzakirələr aparırıq, ixtisas seçimində bu məsələləri qeyd edirik. Bu günün və keçmişin ixtisasları var. Bu gün Avropada ən tələb olunan ixtisas tibbdən sonra turizm və otelçilikdir. Demək olar ki, tələbələrin 70%-i turizm oxumaq istəyir. Elə ixtisaslar var ki, həmin sahə üzrə oxumaq lazım deyil. Bəzən valideynlə, tələbənin İQ göstəricisi üst-üstə düşmür. Valideyn bəzən övladını göndərmək istəyir. Amma bu tələbə nə ingilis, nə rus dilini bilir.Onun tədris prosesini qəbul etməsi də o qədər güclü olmur. Təbii ki, valideynin arzusu ola bilər. Amma övladının səviyyəsinə nəzər salmalıdır bu istiqamətdə oxuya bilərmi?

Burdan başqa ölkəyə tələbə yönləndirəndə, burada  artıq iki ölkə arasındakı münasibətlər əsas mövzu olur. Heç bir savadı olmayan 10 tələbəni ora yönləndirsək, onların təsdiq sənədi gəlsə, orda Azərbaycan haqqında xoş olmayan təəssüratlar yaranar. Valideynlərə səslənirəm: Hamı universitet oxumalıdır deyə bir anlayış olmamalıdır. Peşə təhsili,texniki məktəblər var. Universitetə göndərilən hər hansı tələbə peşə məktəbinə göndərilsə, bəlkə də öz peşəsinin mahirlərindən biri olar və daha çox gəlir əldə edər. Valideyn bunu düşünməlidir. Amma Azərbaycanda düşünürlər ki, ali təhsil, diplom olsun. Amerikada  bu gün belə yanaşma yoxdur. Orada insanlar ali təhsil almağa o qədər maraqlı deyillər. Ən böyük idealları olanlar universitetə gedirlər. Digər məsələlərdə yüngül kurslar onların iş qazanmasına kömək edir.

-Xaricdə magistraturaya sənəd verərkən öz ixtisasından fərqli seçim etdikdə hansısa problemlər yaranırmı?

Bu, gündəmdə olan bir məsələdir. Bəzən, humanitar fakültədən gəlib turizm və biznes üzrə oxumaq istəyir. Biz onlara deyirik ki, sizi göndərərik, problem yoxdur, ancaq bu sizin üçün çətin olacaq. Bu zaman dərs yükü çətin olur və ödəniş də artır. Yaxın sahə üzrə oxuduqda heç bir problem olmur. Hər tədris ilinə görə ödəniş etməli olacaqsınız. Bilmədiyiniz bir mövzuların içinə girirsiz  və bilinmir və məlum deyil, hamısını mənimsəyə biləcəksiniz, ya yox. Amma magistr üzrə hər hansı universitetə yönləndirmək, qətiyyən problem deyil. Dünyada təhsil biznesi formalaşıb.  Təhsilin və tədrisin mənəvi tərəfləri var. Amma burda vicdan və məsuliyyət faktorlarını kənarda qoymamalıyıq.

-FONO-da xaricdə təhsilə göndərilən tələbələr yalnız ödənişli əsaslarla oxuyurlarmı?

  • Universitetlərlə əlaqə saxlayıb, onların dediklərini birbaşa valideynə çatdırırıq. Məsələn, Hollandiyada Kral Universiteti var, onlarla əlaqə saxladım. Onlar mənə dedilər ki, təhsilhaqqı illik 21 min avrodur. Soruşdum ki, hər hansı təqaüd proqramı var? Cavab verdilər ki, tələbənin nəticələri xoşumuza gələrsə birinci ildə biz onun təhsil haqqına endirim edə  və ya ləğv edə bilərik. Sonra növbəti ildə təqaüd proqramına onu qoşa bilərik, bu da semestr ərzində qiymətlərindən asılıdır. Amma bəzi işbazlar iki-üçüncü mərhələni kənarda qoyurlar. Belə bir məsəl var: Tutar qatıq, tutmaz ayran. Şirnikləndirmək üçün çağırıb deyirlər ki, təqaüd proqramına müraciət edəcik, qəbul olacaqsınız. Məni düşündürən bir məsələ var. Bu işlərdə olan saxtakarlar, həm də peşəkar psixoloqlardır. Qarşı tərəfi çox gözəl cəlb edə bilirlər. Psixoloji iradəsi ən möhkəm olan insan onların yanına getdikdə xoş vədlərinə inanırlar. Elə bil ki, onlar üçün xüsusi “adam aldatma” ixtisası açılıb, hamısı oranı bitiriblər. Çox gözəl aldatma qabiliyyətinə malikdirlər. Bu da insanların məlumatsızlığından irəli gəlir. Azərbaycanda insanların aldanma istəyi var. İnsan özü də məlumatlı olmağa maraqlı olmalıdır.

-Hansı ölkələrdə təhsilhaqqı daha yüksəkdir?

-Ən bahalı ölkələrdən biri İsveçdir. Çünki bura təhsilin inkişafına görə dünyada bir nömrəli ölkədir. Sonra əməkdaşlıq etdiyimiz İsveçrədir. Amerika, Kanadada da qiymətlər yüksəkdir; illiyi 10-15 min avroluq  universitetlər var. Məsələn, Amerikada universitetlər var ki, illik təhsilhaqqı 23 min dollardır. Qiymətlər əyalətə və universitetin keyfiyyətinə görə dəyişir. Bəzən valideyn gəlib deyir ki, mənə tez hansısa universitet haqqında məlumat verin. Başa salıram ki, mənim əlimdə məlumatlar var, amma dünyada 79 mindən çox universitet var. Bir şəxsin istəyinə uyğun universitet tapmaq üçün bir gün vaxt sərf olunur. Amma bu gün Avropa Distant Təhsil qurumunun üzvü olduğumuz üçün hər yerə qapımız açıqdır.

-Tələbələr dövlət, yoxsa özəl universitetlərə üstünlük verir?

-Bu tendensiya yalnız Azərbaycanda mövcuddur. Hər içəri girən “dövlətdi ya özəl” sualını verir. Dünyada isə belədir: özəl universitetin keyfiyyəti dövlət universitetindən  daha yaxşıdır. Çünki düşünürlər ki, özəl universitet biznes obyektidir və özünü inkişaf etdirmək üçün gəlir mənbəyi oradakı  tələbələrdir. Bunun üçün hər şeydən istifadə edəcək ki, ən yaxşı olsun. Hətta qardaş Türkiyədə də bu yanaşma var.

-Əsas problemlərdən biri xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır. Əsasən hansı ölkələrdə təhsil alanlar bu problem üzləşirlər?

-Elələri var ki, hansısa saxtakarlar vasitəsilə və ya öz yollarıyla Ukraynaya gedirlər. Bu hal ən çox Ukrayna və Rusiyadadır. Bəzi yollarla öz diplomlarını  alırlar, qayıtdıqdan sonra rus dilində heç “salam, sağol”u da bilmirlər. Təhsil Nazirliyində müsahibədən keçəndə ona görə də diplomları təsdiqlənmir. Həmçinin, Azərbaycanda distant təhsil haqqında qanunun olmadığı haqqında  məlumat vermirlər. Bu da yenə saxtakarların və məlumatsızlığın nəticəsidir. Bizə də İsveçdən gələn nümayəndələr distant təhsillə bağlı təkliflər etdilər. Amma bildirdim ki, bununla bağlı mükazirələri dayandıraq. Türk vətəndaşları göndərə biləcəyimi, amma azərbaycanlı tələbələri göndərə bilməyəcəyimi dedim. Çünki Azərbaycan qanunvericiliyi distant təhsili qəbul etmir. Bu məsələlərə diqqət etmək lazımdır. Sonra həmin ölkənin Təhsil Nazirliyinin o universitetə tanıdığını, lisenziyası olduğunu bilmək lazımdır.

-Distant təhsillə bağlı müraciət edən azərbaycanlı tələbələr olurmu?

-Bu qanun olmasa da azərbaycanlı tələbələr distant təhsil ala bilər. Bəlkə onun məqsədi Azərbaycanda qalmaq deyil. Sadəcə, bu təhsil sistemi Azərbaycanda tanınmır. Biz də istəyirik tədris və təhsilin inkişafına görə, Avropaya inteqrasiya yolunda distant təhsil haqqında qanun qəbul edilsin. Ancaq bizim cəmiyyət buna hazır olmalıdır. Mənim təklifim budur, amma digər ekspertlərin arqumentləri daha iddialı ola bilər. Cəmiyyətin bu proseslərə hazır olması lazımdır. Biz hələ Boloniya sisteminə hazır deyilik.  Boloniya təhsil sistemi tam yerinə yetirilsə, inanın ki, universitetlərdə qapını açanda bir nəfər görmək olmaz. Bu sistemdə tələbənin dərsə gəlib, gəlməməsi maraqlı deyil. Sonda imtahanını verəcəksən. Necə öyrənəcəksən, ya yatıb yuxuda görəcəksən, bu, artıq tələbənin işidir. Türkiyə əvvəldən bu sistemlə başlayıb, amma bizdə sovet təhsil sistemi olub. Pedoqoji heyətin yenilənməsi baş tutmalıdır ki, bu sistemlərə keçirilsin.

-Konkret olaraq distant təhsillə bağlı müraciət edən olubmu?

-Son zamanlar insanlar bizdə distant təhsillə bağlı qanunun olmamasına inandırılıb. Müraciət çox azdır.

-Qanun qəbul olunarsa nə kimi dəyişiklər baş verə bilər?

  • Birinci, təhsildə Avropa modeli üstünlük təşkil edəcək. İkincisi də çox gözəl haldır ki, evinizdən çıxmadan tədris proqramını yerinə yetirirsiz və sonda diplom alırsınız. Ümumiyyətlə, Avropada qəbul edilən qərarlar insanların rifahı üçün nəzərdə tutulur. Bizdə bəlkə bir-iki ilə tam hazır ola bilər, amma indi yox. Bu qərarın qəbul olunması tam olaraq Avropa təhsil sisteminə gətirilməsi deməkdir.

-Hazırda tələbələr xaricdə təhsil üçün müxtəlif beynəlxalq imtahanlara üz tuturlar. Ən çox hansına üstünlük verilir?

– Son illər İELTS imtahanları çox inkişaf edib. Elə vəziyyət yaranıb ki, müraciət çox olduğundan onlar Tiflisdə imtahan verməyə gedirlər. Bu, tələbənin dil biliyinin inkişafı ilə yanaşı, həm də xarici universitetlərin bu sənədlərə güvənməsidir. Beynəlxalq proqranların üstünlüyü odur ki, universitetlər tərəfindən daha çox tanınırlar. Hansısa dil bilib imtahan nəticəsi olmayanda, universitetə qəbul çətin olur. Qarşı tərəfi inandırmalısınız ki, siz ingilis dilində danışa bilirsiniz. Bu imtahanların tələbi daha çox miqrantların qərb ölkələrinə axını ilə bağlıdır. Təsəvvür edin ki, artıq yaş məhdudiyyətləri belə müəyyən edilib. Bəzən miqrantlar təhsil adıyla gəlib, ölkədən getmək istəmirlər. Ona görə avropalını tam inandırmalısan ki, sən ora təhsil üçün gedirsən və ölkənə qayıdacaqsan.

-Beynəlxalq imtahanların qiymətləri elə də ucuz deyil. Bunlar nəyə görə müəyyən olunur?

-Qiymətləri təyin edənlər düşünür ki, bu məbləği ödəyə bilirsə , demək bura təhsil üçün gəlir. Niyə Almaniya təhsil üçün gələnlərdən tələb edir ki, Düsseldorf  bankında 9 min avro pul olsun. Çünki əmin olmalıdır ki, iş dalıyca gəlmirlər.

-Bəzən təqaüd proqramlarında belə bank hesabında müəyyən məbləğdə pulun olmağı tələb olunur. Bu nə dərədəcədə doğrudur?

-Təqaüd proqramları onun üçün nəzərdə tutulmayıb ki, tələbənin təminatını həyata keçirsin. Düzdür hesablananda bunlar nəzərə alınır. Bu proqramlar sırf həvəsləndiricidir. Avropa təhsilini psixoloji, mətnaltı olaraq bizimkilərin beyninə yeridirlər. Bu gün Şərq – Qərb münaqişəsi gedir. Onlar bu yollarla özlərini yaxşı göstərməyə çalışırlar. Ona görə müəyyən məbləğ qoyurlar ki, ora gələnin məqsədi sırf təhsil olsun.

Nəzərbəy son sualım belədir: Xaricdə təhsil azərbaycanlı tələbələrə nə dərəcə iş imkanları qazandırır?

-Bu, çox gözəl tendensiyadır. Biz qapalı ölkə deyilik. Təhsil inteqrasiya, inkişaf dövrünü yaşayır və bunun əsas tərəfləri xaricə tələbə göndərməkdir. Onlar öyrəndiklərini burada tətbiq edəcəklər. Bu yalnız pedaqoji sahədə deyil. Tibbdən gələnlər də gözəl həkim ola bilərlər. Onlar gəlib təcrübəsini həmkarlarıyla da  bölüşə bilərlər. Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.

 

 

Orxan